Xəbər lenti



Bakı Dövlət Universitetində TED-x formatlı “Kəpənək effekti” adlı şəxsi inkişaf seminarı keçirilib. Layihədə respublikada öz sahələri üzrə kifayət qədər uğurlara imza atmış ictimai, siyasi və incəsənət  xadimlərinin, ekspertlərin spiker qismində çıxışları dinlənilib. Hər biri 30 dəqiqə olmaqla çıxış edən spikerlər peşə, uğur nədir, motivasiya, şəxsi inkişaf, psixologiya konspektində mövzulara aydınlıq gətiriblər.


Universitetin rektoru Elçin Babayevin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan layihə rəhbərlərindən biri, Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova qonaqları salamladıqdan və layihə haqqında məlumat verdikdən sonra tədbiri açıq elan edib.

 Daha sonra tədbirdə şəxsi inkişafa aid videoçarxlar, sorğular təqdim olunub.

 

Layihənin ideya müəllifi və layihə rəhbərlərindən biri olan Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi Ümid Oruc tədbirin proqramı haqqında məlumat verdikdən sonra çıxış edəcək spikerləri və mövzuları təqdim edib.

 

6 spikerə 20 dəqiqə çıxışın sonunda 5 dəqiqəlik suallara cavab vaxtı ayrılıb və gətirdikləri hədiyyələri fəal tələbələrə təqdim ediblər.

İlk olaraq öz şəxsi inkişaf yolundan söz açan Barattson School of Business şirkətinin rəhbəri Elşən Rəhimov “Uğurlu yolda təhsilin vacibliyi, xaricdə təhsilin üstünlükləri” mövzusunda çıxış edib.

 Caspian International Business Services təsisçisi, yalanın araşdırması üzrə mütəxəssis, profoyler Təbriz Hacınski “Proqramlaşdırılmış beyin və düşüncələrin idarə edilməsi” adlı məruzəsini təqdim edib. O, davranış psixologiyası, insan profilinin analizi, bədən dili kimi məqamlara toxunub, tələbə-jurnalistlərlə düzgün sual vermək qaydaları ilə bağlı diskussiya aparıb.

 “Bir neçə sahədə uğurlu olmaq və dövlət strukturunda nüfuzlu şəxs kimi formalaşmaq” mövzusunda çıxış edən Azərabaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və gənclərimiz oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

 

“Hünər Group” şirkətinin PR marketinq şöbəsinin rəhbəri Nəsimi Paşayev “Dövlət strukturunda və  özəl sektorda uğurlu olmaq” mövzusunda çıxış edib. Qonaq ictimaiyyət, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, kommunikasiya əsrinin kütləvi informasiya vasitələri: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, auditoriya üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və media mövzuları barəsində ətraflı məlumat verib.

 

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev “Beynəlxalq jurnalist olmağın yolları” mövzusunda çıxış edərək tələbələrə jurnalistlik fəaliyyətindən söz açıb, onları sosial medianın imkanlarından daha aktiv istifadə etməyə və Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb. V.Əliyev hansı peşənin sahibi olmalarından asılı olmayaraq tələbələri öz ölkəsinin və millətinin tarixini də dərindən bilməyə çağırıb.

 

“İncəsənət sahəsində uğurlu olmaq; Azərbaycan səhnəsindən Avropaya” mövzusunda sualları cavablandıran Əməkdar artist Tünzalə Ağayevanın canlı musiqi proqramı ilə tədbir sona çatıb.