Xəbər lenti

Bu gün Fransanın “Thales” şirkətinin Bakı Metropoliteninin Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdimetmə mərasimi keçirilib.

 

Bizimaz.az  xəbər verir ki, Bakı Metropolitenində tətbiq edilən yeni sitemlərlə bağlı təqdimatı “Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski aparıblar.

Təqdimat əsnasında Bakı Metropoliteni QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və baş mühəndis Fəxrəddin Əmirov da yeni və mövcud sistemlərin müqayisəli təhlilini veriblər. Həmçinin “Thales”in Toronto və İstanbul mərkəzlərində təlim keçmiş mütəxəssislər - Rüfət Səmədov, Şahin Vəliyev, Rüstəm Məhərrəmov, Taleh Məmmədov və Nadir Osmanov əldə etdikləri təcrübə, apardıqları müşahidələr əsasında yeni sistemlərin üstünlüklərindən bəhs ediblər.

Təqdimatda bildirilib ki, hazırda xətlərinin sayı 3, stansiyalarının sayı 25, xətlərinin uzunluğu 36,6 km olan Bakı Metropoliteni uzunluğu 119,1 km-ə çatan və 76 stansiyanı əhatə edən 5 xətdən ibarət şəbəkəyə çevriləcək. Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər tətbiq olunur və bu proses davamlı olaraq inkişaf etdirilir.

M.Malinovski qeyd edib ki, "Thales" metropolitenlərdə tətbiq edilən müasir avtomatlaşdırma sistemlərinin inkişaf etdirilməsi və tətbiqi sahəsində dünya liderlərindəndir. Hələ 2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-Fransa iqtisadi forumunda Bakı Metropoliteni QSC ilə “Thales” şirkəti arasında ilkin araşdırmaların aparılmasına dair anlaşma memorandumuna əsasən işlərə başlanıb, uğurlu nəticələr əldə olunub.

M.Şahan isə Bakı Metropolitenində tətbiq ediləcək yeniliklərdən bəhs edərkən bildirib ki, sistemin mərhələlərlə quraşdırılması Bənövşəyi xəttin istismara verildiyi dövrdə başlanılıb. Gələcəkdə isə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək:

“Hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır. Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətdə başlayan, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlardır. Artıq mikroprosessor idarəetməsi və "Tetra" rabitə sistemi xətdə fəaliyyət göstərir. Bakı Metropoliteninin mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkətini SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir. Lakin texnoloji inkişafın son məhsulu sayılan CBTC və yaxud qatarların radiodalğalarla idarə edilməsi sistemləri Bənövşəyi xətdən başlamaqla Bakı Metropolitenində tam fərqli eranın əvvəli olacaq. Bununla qatarların hərəkət təhlükəsizliyi ən yüksək həddə çatdırılacaq, avadanlıq və qurğuların, eləcə də qatarlar arasında intervalların azalmasına, elektrik enerjisinə qənaət olunmasına, qatarların hərəkət sürətinin artmasına, onların daha rəvan sürət yığıb dayanmasına və digər əsaslı təsirləri də nəzərə almaqla sərnişinlərin rahatlığının artırılmasına nail olunacaq”.

O əlavə edib ki, 2019-cu il martın 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində imzalanmış Azərbaycan-Fransa sənədlərindən ikisi Bakı Metropoliteninin yaxın illərdəki inkişafını əhatə edir. Əməliyyat Nəzarəti Mərkəzinin yaradılması ilə bağlı müqavilə dispetçer idarəetməsinin qurulmasını təmin edəcək. Eyni zamanda, “Xocasən” deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılması istiqamətində işlər aparılacaq. Bununla yanaşı, hazırda Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin avtomatlaşdırma sistemlərinin yenilənməsi istiqamətində də ilk əhəmiyyətli addımlar atılır.

Təqdimat iştirakçıları daha sonra yeni sistemlərin quraşdırma işlərinin aparıldığı "Nərimanov" elektrik deposu ilə tanış olub. Media nümayəndələrinə "ox sayğacı" bazasında yeni sistemin quraşdırılması istqamətində əhəmiyyətli işlər barədə məlumat verilib. Qeyd olunub ki, orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsi inşa olunur və ən müasir avadanlıqlarla təchiz edilir.

Sonda M.Malinovski onu da xüsusi vurğulayıb ki, yeni sistemlərin idarə edilməsi ilə bağlı kadr potensialının artırılması istiqamətində də mühüm addımlar atılır. 2018-ci ildə Bakı Metropoliteni QSC və "Thales" şirkətinin iştirakı ilə Fransa-Azərbaycan Universitetinin (UFAZ) kompüter fənn fakultəsi əsasında nəqliyyatda avtomatlaşdırma və kompyuter texnologiyası tətbiqi üzrə təlim kursu açılıb. Tədris prosesinin praktiki hissəsi Bakı Metropoliteninin istehsalat sahələrində aparılır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov