Xəbər lenti



Azərbaycanın ən yeni tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə biləcək 2018-ci ilin 11 aprel seçkilərindən 1 il ötür.

Bu prezident seçkilərində xalqımızın gələcək müqəddəratı baxımından son dərəcə mürəkkəb və taleyüklü bir proses yekunlaşmış, azad, ədalətli, şəffaf və demokratik şəraitdə layiqli qələbə qazanmış cənab İlham Əliyev xalqa sədaqət andı içərək yeni mərhələ üçün ölkəyə rəhbərlik missiyasını üzərinə götürmüşdür. Dövlətimizin hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş bu seçkilər xalqın sabitlik, tərəqqi və intibah kursuna dərin etimadını növbəti dəfə təsdiqləmişdir.

Böyük əksəriyyət 1 il əvvəl keçirilmiş seçkilərdə müdrik seçim edərək xalq üçün çalışan, dövlətin hərtərəfli inkişafını təmin edən, gələcək nailiyyətlərinə etibarlı zəmin hazırlayan komandaya və əməli siyasətə səs vermişdir. Ötən dövrdə respublikamızın dinamik sosial, iqtisadi, siyasi, diplomatik uğurları, habelə əvvəlki illərdə əsası qoyulmuş qlobal layihələrin davam etdirilməsi zərurəti ictimai rəyin düzgün və birmənalı seçiminə təsir etmiş, səsvermədə iştirak edənlərin 86,03 faizi ən çətin sınaqlardan üzüağ çıxaraq özünü tam təsdiqləmiş komandanın zəfərinə səs vermişdir. Son seçkilərdə hər bir vətəndaş, ilk növbədə, xalqının və dövlətinin gələcəyini düşünərək ölkədə davamlı sabitliyin və sürətli inkişafın təminatçısı olan Prezident İlham Əliyevə etimad göstərmişdir.

Seçkilər mahiyyət etibarilə həm də hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymətdir. Hər bir hakimiyyətin müəyyən zaman intervalındakı fəaliyyətinin dəyərləndirilməsi məhz azad və ədalətli seçkilər nəticəsində mümkün olur. Cəmiyyətdəki mütləq çoxluğun maraq və mənafeyinə cavab verən inkişafyönümlü proqramları uğurla reallaşdıran komandanın seçkilərdəki zəfəri də qaçılmaz olur. Bu nöqteyi-nəzərdən, həm yerli, həm də əcnəbi siyasi analitiklər hələ seçkilərdən əvvəl Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin parlaq qələbə qazanacağını böyük əminliklə proqnozlaşdırırdılar. Bu əminlik sadəcə, əhalinin müxtəlif qrupları arasında keçirilmiş rəy sorğularının obyektiv nəticələrinə deyil, həm də ölkənin milli iqtisadi inkişaf modelinin ölkəyə gətirdiyi dividendlərə, insanların həyat tərzində hiss olunan konkret makroiqtisadi göstəricilərə əsaslanırdı. Başqa sözlə, 11 aprel seçkilərinin nəticələri konkret, real əməli fəaliyyətə əsaslanan siyasətin zəfəri olmuşdur.

2018-ci il aprelin 18-də xalqa və dövlətə sədaqət andı içən Prezident İlham Əliyev dərin məzmunlu nitqində bu siyasətin qarşıdakı illərdə də inamla davam etdiriləcəyini vurğulamışdır: "Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Dövlət başçısının da vurğuladığı kimi, xalqın bu müdrik seçimi Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yolu olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmiş, həyata keçirilən siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir. Bu seçimi şərtləndirən başlıca amillərdən biri də dövlət başçısının rəhbərliyi altında cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən səmərəli islahatların həyata keçirilməsidir. Cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq, praqmatik, realist təfəkkürlü liderdir və onun elə bir vədi yoxdur ki, ötən 15 ildə reallaşmamış qalsın. Əksinə, son 15 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə ən azı onilliklər ərzində reallaşdırılması mümkündür. Öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə inqilabi inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.

Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi Ərzurum qaz kəmərləri istifadəyə verilmiş, "Ümid”, "Abşeron” kimi perspektivli yataqlar kəşf olunmuş, Şərqlə Qərbi qovuşduran Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşmüş, TAP, TANAP kimi enerji layihələri həyata vəsiqə almış, "Əsrin müqaviləsi”nin vaxtı uzadılmışdır. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir.

Prezident cənab İlham Əliyev YAP-ın son qurultayında ölkədə yürüdülən siyasətin əsasında insan və vətəndaş amilinin dayandığını bir daha bəyan etmişdir: "Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir”.

Ötən 15 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu, eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir. "ASAN xidmət”, "ASAN Kommunal” və "DOST” kimi unikal xidmət mərkəzlərinin yaradılması və fəaliyyəti hökumətin xalq qarşısında bürokratik amillər olmadan, şəffaf və layiqli xidmət etmək niyyətinin ali təcəssümü olaraq Azərbaycan milli brendinə çevrilmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuşdur. Hətta sovet dövründə belə mavi yanacaq görməyən Yardımlıya, Lerikə qaz xətti, Oğuz-İsmayıllı bölgəsindən Bakıya su kəməri, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir layihənin - strateji əhəmiyyətli Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadı, sevgini və rəğbətini daha da artırmışdır.

Ötən illərdə Azərbaycan regional və beynəlxalq əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edərək Ermənistan istisna olmaqla bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik və çoxtərəfli diplomatik fəaliyyətin, Azərbaycanın təşəbbüskarlığı və evsahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı”na, multikulturalizm mərkəzinə çevrilmişdir.

Prezident cənab İlham Əliyev ilk gündən elm və təhsilə qayğını, bu sahədə özünü göstərən problemlərin həllini də hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompüterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsindəki problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini - Bolonya prosesinə keçid, "Təhsil haqqında”, "Elm haqqında” yeni qanunların qəbulu, 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2005-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın, 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi və s. bu tədbirlərin əsas tərkib hissəsi olmuşdur.

Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Prezident cənab İlham Əliyevin xüsusilə də son üç ildə yürütdüyü məqsədyönlü siyasət təkcə iqtisadi islahatların dərinləşdirilməsinə deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir. Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır.

Cənab İlham Əliyevin təşəbbüsü və xalqımızın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada, postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir. Bu təyinat ölkəmizin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərin uğurlu davamına təminat yaratmış və islahatlara yeni nəfəs vermişdir.

11 aprel seçkilərindən sonra sosialyönümlü islahatları genişləndirən, ictimai rəy amilinə daha həssas yanaşan cənab İlham Əliyev, bu mütərəqqi islahatların reallaşdırılmasına layiqli töhfələrini verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqını sevən, vətəndaşların problemlərinə yüksək qayğı ilə yanaşan şəxsiyyət olduqları bir daha əyani təsdiqini tapmışdır.

Yalnız son 1 ildə həyata keçirilən sosialyönümlü islahatlar dövlət başçısının inqilabi islahatların təşəbbüskarı və icraçısı olduğunu bir daha nümayiş etdirir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisi, minimum əməkhaqqının, sosial müavinət, pensiya və tələbə təqaüdlərinin artırılması, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müəyyən şərtlər civarında silinməsi, yanğından zərər çəkmiş sahibkarlara kompensasiyanın ödənilməsi, Azərbaycanın 10 milyonuncu vətəndaşının ailəsinə yüksək diqqətin göstərilməsi və digər addımlar xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

Dövlət rəhbəri cənab İlham Əliyev 2019-cu il martın 20-də - Novruz bayramı münasibətilə xalqa ənənəvi müraciətində demişdir: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

Axırıncı prezident seçkilərindən sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir. Bu təyinat və islahatlar digər sahələrdə olduğu kimi, elm, təhsil sahələrində də səmərəsini göstərir.

Onu da əminliklə demək olar ki, Azərbaycan cəmiyyəti tarixin heç bir mərhələsində son 1 ildəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Belə məsuliyyətli mərhələdə dövlət məmurları qarşısında vətəndaşların mənafeyi naminə daha səy və bacarıqla işləmək, islahatların düzgün, vaxtında reallaşdırılmasını təmin etmək, xalqın xidmətçisi olmaq kimi ümdə vəzifələr müəyyənləşdirilmişdir. Başqa sözlə, son illər həyata keçirilən sosialyönümlü islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir.

Dövlət başçısı böyük əzmlə həyata keçirdiyi sosialyönümlü islahatlarla vətəndaşların dövlətə və onun rəhbərliyinə inamını daha da artırır. Fransanın tanınmış "Opinion Way” şirkətinin bu günlərdə nəticələrini açıqladığı rəy sorğusuna görə, sadə azərbaycanlıların 85,1 faizinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə etimad göstərməsi, bu mənada, tamamilə təbii, qanunauyğun proses kimi dəyərləndirilməlidir.

11 aprel prezident seçkilərindən ötən 1 il deməyə əsas verir ki, Heydər Əliyev dühasının müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısı - cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək, gələcəyə böyük nikbinliklə, ümidlə baxır.

Mütləq əksəriyyət əmindir ki, Azərbaycan xalqının milli mənayefinə cavab verən bu siyasət qarşıdakı illərdə də davam etdiriləcək, respublikamız sürətli inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.

 

Mönsüm ALIŞOV,

pedaqoji elmlər doktoru, professor

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov