Bizimaz.az xəbər verir ki, İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində qalib olub. O, seçicilərin 76,8% səsini toplayaraq prezident seçilmişdi.
Adətən, hakimiyyətdə olan qüvvə illər keçdikcə səs itirir. Amma 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev səslərin 86,02 faizini toplamaqla, aradan keçən müddət ərzində xalqın sevgisini daha da artırdığını sübuta yetirdi.
Xalqın sevgisinə arxalanan lider
İlham Əliyev son prezident seçkisində qələbəsinin dərhal ardından imzaladığı ilk fərmanla şəhid varislərinə 11 min manat birdəfəlik yardımın verilməsini təmin etdi. Proses zamanı isə şəhid ailələri ilə şəxsən görüşərək, onları dinlədi və vaxtilə yardım aldığı üçün hazırkı fərmanın əhatə dairəsindən kənarda qalan şəhid ailələrinin də yardımdan bəhrələnməsinə qərar verdi. Səbəb isə həmin yardımın hazırkı məbləğlə müqayisədə çox az olması idi. Prezident bununla bir daha heç kimi diqqətdən kənarda qoymadığını nümayiş etdirdi.
Onun şəhid ailələrinə və Qarabağ qazilərinə şəxsi münasibəti isə ölkə ictimaiyyəti arasında böyük rəğbətlə qarşılandı.
Eyni münasibət bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyərkən də göstərildi. Hadisədən dərhal sonra Prezident zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi.
Zəlzələ nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək Prezident və Birinci vitse-prezidentin iştirakı ilə sahiblərinə təqdim olundu.
Prezidentin zərərçəkən ailələrlə görüşü, ünsiyyəti isə bir daha İlham Əliyevin xalqa sevgisinin bariz nümunəsi idi. Xüsusilə zəlzələ zamanı evi dağılan Saray nənə ilə Prezidentin görüşü ölkə gündəmini həftələrlə zəbt etdi. Bu, Prezident-Xalq münasibətinin və qarşılıqlı sevgisinin nümunəsinə çevrildi.
Prezidentin “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğından dərhal sonra müşavirə keçirməsi, məsələ ilə əlaqədar Komissiyanın yaradılması, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi də “İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” fikrini təsdiq etdi. Dövlətin heç bir öhdəliyi olmadığı halda ziyan çəkən vətəndaşlarının yanında olduğunu Prezident İlham Əliyevin simasında göstərdi.
İnqilabi qərarlar
Prezidentin ötən ilin sonundan başlayaraq verdiyi qəralrı ekspertlər haqlı olaraq “inqilabi qərarlar” adlandırır. Qəsa müddətdə bir-birinin ardınca aparılan iqtisadi islahatların nəticəsi olaraq cəmi bir ildə 5 milyard manata qədər böyüyən büdcə xalqın sosial problemlərinin həllinə yönəldildi.
Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum aylıq əməkhaqqı, pensiyalar artırıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən bir il ərzində Prezident tərəfindən həyata keçirilən uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradıb.
Son bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. 2019-cu il 25 fevral tarixli sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Bu ilin fevral ayının sonlarında imzalanan sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da 500 mindən çox məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu.
Prezident 2015-ci ildən bəri bank sektorunda və əhalidə müəyyən narahatlıq yaradan problemli kreditləri də həll etdi və bu zaman dünyaya bir nümunə göstərdi. Ekspertlərin bu vaxta qədər verdikləri təkliflərdən fərqli olaraq, dövlət dolların bahalaşması nəticəsində yaranan fərqi bütünlüklə öz üzərinə götürdü, kreditlərin bağlanması üçün simvolik faizlə (1%) şəxslərə kreditlərin verilməsi, bu vaxta qədər hesablanan faiz, dəbbə pullarının silinməsi, məhkəmə çəkişmələrinin sonlandırılması prosesi başladı.
Prezidentin bu humanist addımından dolların bahalaşması zamanı çətinliklə də olsa, kreditlərini bağlamağı bacaran şəxslər də kənarda qalmadı. Belə ki, onların krediti bağlamasına baxmayaraq, ödədikləri artıq məbləğin özlərinə geri qaytarılması misilsiz addım oldu.
Qeyd edək ki, ekspertlər özləri də bu qərarın irəli sürdükləri təkliflərdən qat-qat daha humanist olduğunu, eyni zamanda dünyaya bir nümunə ola biləcəyini bəyan edirlər.
Dövlət idarəçiliyində innovativ uğurlar
Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunur. Ötən bir il ərzində ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi işlər görülüb. Belə ki, İmişlidə və Şəkidə yeni “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Beləliklə, ölkə üzrə bu mərkəzlərin sayı 15-ə çatdırılıb. Dövlətimizin başçısı aprelin 5-də Bakı şəhərində daha iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncam imzalayıb. Bu gün 320-dən çox xidmətin göstərildiyi mərkəzlərə edilən müraciətlərin sayı 28 milyondan çoxdur.
Son bir ildə bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Məsələn, Bakıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binası istifadəyə verilib. Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi yaradılıb.
Prezident tərəfindən Mədəniyyət Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanlar imzalanıb. Həmçinin Prezident İlham Əliyev 2019-cu il yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb ki, bu qərarlarla da bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi həyata keçirilib.
Xarici siyasət və Qarabağ problemi
Ötən bir il həm də uzun müddətdir müzakirə olunan Xəzərin hüquqi statusuna dair razılaşmanın əldə edilməsi ilə yadda qaldı. 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı çərçivəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu sənəd həm də Xəzəryanı ölkələrlə çox sıx və bərabərhüquqlu münasibətlərə malik Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açdı.
Ötən ilin iyulunda dövlətimizin başçının Brüsselə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması da mühüm tarixi əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir.
Son bir il ərzində Prezident İlham Əliyev xarici ölkələrdə 17 dəfə səfərdə olub, ondan çox ölkənin dövlət və hökumət başçısı ölkəmizə səfər edib.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycanın prinsipial mövqeyi də ortaya qoyuldu və düşmənin danışıqlar formatının dəyişdirilməsi cəhdləri iflas oldu.
Qazanılan uğurlar beynəlxalq qurumların diqqət mərkəzində
Azərbaycan “Doing Business 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Bir neçə gün əvvəl isə Fransanın “Opinion Way” şirkəti Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə ölkəmizin bütün bölgələrində keçirdiyi geniş rəy sorğusunun nəticələrini açıqladı. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Eyni zamanda, sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib.