Paşinyan Madrid prinsiplərini başa düşmədiyini desə də, əslində, elə deyil. Nikol sadəcə olaraq Madrid prinsiplərini anlamaqdan boyun qaçırır.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Aprel döyüşlərindən sonra məsələnin nə yerdə oduğunu başa düşərək hakimiyyətdən getməli oldu:
“İndi görünür, Madrid prinsiplərini anlamaqdan boyun qaçıran Paşinyanı da bu cür başa salmağın vaxtı çatıb. İkinci Aprel həmləsi olsa, Paşinyan Madrid prinsiplərini və onun nədən ibarət olduğunu dərhal başa düşəcək. Məhz bu gerçəkliyi bildiyi üçün Tonoyan qısa müddət sonra formatı dəyişmək həvəsindən dönərək sülh istədiyini bildirdi və Azərbaycan hərbi-siyasi elitasının da sülhə hazırlığını arzuladı. Ancaq sülhün olması daha çox iğalçı Ermənistandan asılıdır. Erməni qoşunları torpaqlarımızdan çıxmalıdırlar ki, sülh olsun. Əks təqdirdə onlar Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla deyil, Müdafiə naziri Zakir Həsənovla anlaşmalı olacaqlar ki, bu da ermənilər üçün heç arzuolunan deyil. Düşünürəm ki, baş diplomatımız bu sözü çox yerində deyib. Hesab edirəm ki, yalnız əməli addımlardan sonra işğalçı Ermənistanın və onun hərbi-siyasi elitasının davranışlarını dəyişdiyini görə bilərik”.