Millət vəkili Qənirə Paşayeva Türkiyənin İsparta Süleyman Dəmirəl Universitetində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı konfrans keçirib.
Bizimaz.az xəbər verir ki, millət vəkili konfransda ermənilərin 20-ci əsrin əvvəllərində və sonlarında azərbaycanlılara qarşı Xocalı, Qaradağlı, Bağanis-Ayrımda törətdiyi dəhşətli soyqırımlar və Ağdaban faciəsi ilə bağlı geniş çıxış edib.
O bu tarixi faktların dünyaya daha geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə gəncləri fəal olmağa çağırıb.
Deputat bir sıra ölkələrin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarlarından da söz açaraq bildirib ki, dünya türkləri bu ədalətsizliyə öz etiraz səslərini ucaltmalıdır.
Qondarma erməni soyqırımını tanıyan ölkələri kəskin tənqid edən deputat bir çox siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini bildirib.
“Tarixdə türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər, əksinə ermənilər Anadoluda və Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türklərə qarşı soyqırımlar törədiblər. Bir sıra ölkələrin yalanları dəstəkləməsi, amma gerçəkləri görmək istəməməsi böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır”.
Millət vəkili konfransda ermənilərin 101 il əvvəl azərbaycanlılara qarşı töpətdiyi soyqırım haqda da danışıb.
“ 31 Mart soyqırımının 101-ci ildönümü, Xocalı Soyqırımının 27-ci ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin bununla bağlı bir cümlə açıqlamasını belə eşitmədik. Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandırlar. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda rahat gəzirlər, hələ də ədalət və tarix qarşısında törətdikləri cinayətlərinə görə cavab verməyiblər. Qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına göz yumurlar. Atalarının belə görmədiyi hadisələrdən danışanlar niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? 31 Mart soyqırımı, Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Bunlar ciddi mətləblərdən xəbər verir”.
Özəlliklə Avropadakı türk diaspor təşkilatlarının yalanlara qarşı etiraz səsini ucaltmasının vacibliyinə toxunan millət vəkili gəncləri sosial mediada bu məsələdə aktiv və duyarlı olmağa çağırıb.
“Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar”.