Xəbər lenti

Azərbaycan dindarlarından məsciddə törədilən terrorla bağlı SƏRT REAKSİYA
 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev Yeni Zelandiyada məsciddə törədilən terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.

 

 Bizimaz.az: Müraciətdə deyilir:

"O Bir Olan Yaradanın adı ilə! Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər biz, Azərbaycan dindarlarını hədsiz sarsıtdı. Bu dəhşətli terror hadisəsi ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfa, bütün dünya müsəlmanlarına səbr və dəyanət arzulayırıq.

Müsəlmanlara qarşı reallaşdırılan qətllərin dini mənsubiyyətə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə faşist mahiyyətli əməllərin qətiyyən yolverilməz olduğunu bəyan edirik. Hansı məqsəd və niyyət, hədəf və məramla həyata keçirilməsindən asılı olmayaraq insanların milli, dini, irqi mənsubiyyətə görə məhv edilməsi ksenofobiya təzahürü olmaqla insanlıq adına ləkə, mənəvi böhrandır.

Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətlərindən, bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq. Biz dünya ictimaiyyətini belə barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin müdhiş nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Müsəlmanlar üçün müqəddəs olan Cümə gününü qara cüməyə çevirmək, Yaradana ibadət edən dinc insanları qətl etməyi qəhrəmanlıq kimi zənn edən islamofob bir düşüncə sahibinin iyrənc hərəkətləri insanlıq adına həqarətdir. Terrorun dini, terrorçunun dini mənsubiyyəti olmur. Lakin xəstə, zəhərlənmiş təfəkkürlə törədilmiş bu hadisə bütün bəşəri bu reallıq barədə bir daha, daha dərindən düşünməyə və daha effektiv addımlar atmağa vadar edir.

Yeni Zelandiyada baş verən bu amansız terror aktı əslində bütün dinlərə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu gün dünyamızın müxtəlif nöqtələrində dini və milli zəmində radikalizm və ekstremizmin tüğyan etməsi, dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, İslamofobiya, antisemitizm, din adından sui-istifadə edərək insanların qətl edilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Belə faciəli hadisələr, müqəddəs məkanlarda - məsciddə, kilsədə, sinaqoqda törədilən qeyri-insani aktlar narahat dünyamızda müxtəlif din ardıcıllarının səy və qüvvələrinin birləşdirilməsinin nə qədər önəmli olduğunu bir daha sübut edir.

XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Yeni Zelandiyada baş verən dəhşətli terror aktına dünyanın bir çox liderlərinin, beynəlxalq təşkilatların operativ və prinsipial mövqe nümayiş etdirməsi, heç şübhəsiz ki, təqdirəlayiqdir.

Dünya ictimaiiyyətinin haqlı qınağına səbəb olmuş Yeni Zelandiyadakı hadisə bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm və dinlərarası tolerantlıq ideyaları əsas götürülməlidir. Belə faciələrin təkrarlanmaması naminə dünya ictimaiyyəti ksenofobiyanın istənilən təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması üçün əlindən gələni əsirgəməməlidir.

Bu gün dünyada milli, irqi, dini ekstremizmi önləyə biləcək ən təsirli vasitə nümunəvi qarşılıqlı anlaşma mədəniyyətinin - multikultural həyat tərzinin qloballaşan dünyada təşviq edilməsidir. Azərbaycan dövləti məhz bu humanist məramları bəyan edir, təkcə İslam dünyası daxilində deyil, bütün səmavi dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir. Azərbaycanın bütün dünyada insan həmrəyliyinə xidmət edən qlobal təşəbbüsləri daha çox dəstək və ardıcıllara malik olarsa, bəşər belə faciələr yaşanmaz.

Biz, Azərbaycanın din xadimləri, bir daha Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum aktını qətiyyətlə pisləyir, milyonlarla insanın iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, Ulu Yaradanın buyurduqlarına zidd olan, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, dünya ictimaiyyətini öz səylərini daha sıx birləşdirməyə, əlindən gələni əsirgəməməyə çağırırıq. O Bir Olan Yaradanımızdan terror qurbanlarına rəhmət diləyirik.

Uca Rəbbimiz dünyamızı hifz etsin!"

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov