Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizimaz.az: görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.
Səfər Mehdiyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran Səfər Mehdiyev, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.
Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.
Fərhad Dejpəsənd Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərə toxunaraq, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.
Nümayəndə heyətinin rəhbəri martın 14-15 tarixlərində Bakıda keçirilən Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısında gömrük işi üzrə aparılmışmüzakirələri və əldə edilmiş razılaşmaları təqdir etdiklərini, bu razılaşmaların uğurla həyata keçiriləcəyinə əmin olduğunu söyləyib.
Sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük Administrasiyası arasında görüşün protokolu imzalanıb.