Xəbər lenti

Millət vəkili Qənirə Paşayeva İstanbulda ASEF (Əsassız erməni iddiaları ilə mübarizə federasiyası) və Türkiyə Azərbaycan platformasının təşkil etdiyi “Xocalı soyqırımı və erməni məsələsi” adlı konfransda iştirak edib.

 

Bizimaz.az xəbər verir ki, konfrasda geniş məruzə ilə çıxış edən millət vəkili Xocalı Soyqırımı ilə bağlı türk dünyasına, Azərbaycan və türk diaspor təşkilatlarına çağırış edib.

Q.Paşayeva çıxışında ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərlərinin və Türkiyədə terrorla mübarizədə şəhid olan insanların xatirəsini yad edib.

Deputat Qarabağın əsrlər boyu Azərbaycan və türk tarixinin, mədəniyyətinin ən qədim beşiklərindən biri olduğunu deyib:

“Hər bir türk insanı Qarabağı daim yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik və işğal altında olduğunu xatırlamalıyıq. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları var. Lakin bu qərarların heç biri tətbiq edilmir, ona görə də bunu özümüz etməliyik”.

Millət vəkili çıxışında Xocalı soyqırımı və Ermənistanın 20 ildən artıqdır 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də ətraflı məlumat verib.

Deputat Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.

Q.Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

Tədbirdə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Kamal Çiçək, Giresun Universitetinin sabiq rektoru, Azərbaycan kökənli professor Aygün Attar və digər ziyalılar da Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov