Moskva şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bizimaz.az: artıq ikinci ildir ki, tədbirin keçirilməsi üçün Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi yer ayırır.
Anım gecəsi “Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı Rasim Musabəyov, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Milli Məclisin aparatının şöbə müdiri Nizami Cəfərov, Moskvanın yəhudi icmasının rəhbəri və başqaları iştirak edib.
Azərbaycanın RF-dakı səfiri Polad Bülbüloğlu anım tədbirinin keçirilməsi üçün yer ayıran Moskva yəhudi icmasının rəhbərliyinə təşəkkür edərək, yəhudi xalqının azərbaycanlıların bu dərdini yaxşı anladığını dilə gətirib.
“Qurbanların sayını və mənəvi travmaları hansısa şəkildə qiymətləndirmək mümkünsüzdür. Ancaq qeydə alınan rəqəmlər belə insanı dəhşətə gətirir. Günahkarlar cəzasını tapmayana qədər biz özümüzü xocalılı hesab etməli və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanımasına nail olmağa çalışmalıyıq”, - deyə səfir bildirib.
Anım tədbirində rejissor Vaqif Mustafayevin faciəvi hadisələrin mərkəzinə düşmüş əsgərdən bəhs edən “Dərdimi çəkirəm” filmi nümayiş olunub.