Xəbər lenti

 

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılır:

• yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması;

• sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılması;

• sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması;

• ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata çatdırılması;

• valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması;

• müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması;

• beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması;

• uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması;

• dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması;

• I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

• müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

• müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması;

• əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması;

• 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılması.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov