Xəbər lenti


Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

 

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Fərmana əsasən, müəyyən edilib ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir;

- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Fərmana əsasən, aparılmış müayinənin nəticələri mənfi olduqda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. 

Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət oluna bilər.

Nazirlər Kabineti sənədə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etməli, həmçinin bu fərmanda verilmiş tapşırığın icrasını nəzarətdə saxlamalı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qaldırdığı vəsatətlərə əsasən, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısının öz rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 gün müddətində bu barədə məlumatı siyahıya daxil edərək onun mütəmadi yenilənməsini, həmçinin Fövqəladə Hallar Nazirliyinin sorğusu əsasında çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 gün müddətində təqdim olunmasını təmin etməlidirlər.

Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etməli, eləcə də, istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etməlidirlər.

Yerli icra hakimiyyəti orqanları bu fərmanda nəzərdə tutulan rəy onlara təqdim edildiyi hallarda həmin rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasında çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sakinlərinə təşkilati baxımdan kömək göstərsinlər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi  istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etməlidirlər.

Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov