Xəbər lenti


Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Bizimaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. 

Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçmişdir. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir.

Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində "Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı" və "Sumqayıt Kimya Sənaye Parkı", həmçinin digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri vardır.

Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında Sumqayıt şəhərinin fəal iştirakını nəzərə alaraq qərara alıram:

1. Sumqayıt şəhərinin 70 illik yubileyi ölkədə geniş qeyd edilsin.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov