Xəbər lenti



“KİVDF-nin pul paylamaqla məşğul olduğunu iddia etmək qərəz göstəricisidir”

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev mediaya açıqlamasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi sistemi ilə bağlı fikirlər səsləndirib. Bu arada onun tənqid obyekti həm də Azərbaycan Mətbuat Şurasıdır. Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bununla bağlı musavat.com-a müsahibə verib.

- Əflatun müəllim, Arif Əliyev ideyanın mahiyyətinin dəyişdirilməsindən söz açır. Söhbət Mətbuat Şurası və KİV-ə dövlət dəstəyi ideyasından gedir. Şuranın sədri kimi şəxsinizə ünvanlanmış mesajı da görmək mümkündür. Öncə bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Arif Əliyev, müsahibəsində adını çəkdiyi Mehman Əliyev və Elçin Şıxlı Azərbaycan Mətbuat Şurasının yaranmasında və fəaliyyət göstərməsində əməyi keçən şəxslərdir. Eləcə də indiyədək Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmiş hər bir şəxsin əməyi danılmazdır. Onlara Azərbaycan jurnalistlərinin qurultaylarında etimad göstərilib. Bu adamlar bizimlə eyni bir qurumda təmsil olunublar. Mətbuat Şurası onların dövründə hansı prinsiplərlə çalışmışdısa, indi də eyni formada fəaliyyət göstərir. Yəni burada Şuranı keçmiş Mətbuat Nazirliyinə bənzətmək istəyi yumşaq desəm, yerinə düşmür. Nəzərə alın ki, yalnız yumşaq deməklə kifayətlənmək istəyirəm.

İdeyaya gəlincə, bəli, o zaman ümumən medianın özünütənzimləməsi modeli üzərində dayanıldı. Dünyada Mətbuat Şuraları çoxdur. Onun funksiyasını daşıyan, lakin başqa adlarla fəaliyyət göstərən qurumlar da var. Azərbaycan mediası üçün Mətbuat Şurası yolu onsuz da gediləcəkdi. Burada şəxslər önəmli deyil. Əsas olan prosesin özüdür. Bəli, ayrılıqda şəxslərin də xidmətini vurğulamaq lazımdır. Necə ki, mən əvvəldə vurğuladım. Amma bu xidmət, bir növ, kollegial idi. Biz birlikdə qərarlar qəbul edirdik. Tale elə gətirdi ki, indi birlikdə deyilik. Amma Şuranın qərarları yenə kollegialdır. O cümlədən Mətbuat Şurası sədrinin seçilməsi məsələsini də qurultay həll edir.

Mətbuat Şurası ilə bağlı müəyyən mənada ideya mənimsənilməsi məsələsini, yaxud bu xüsusda hansısa digər məqamları qabartmaq keçmişdə ilişib-qalmaqdır. Mən çox şeyləri deyə bilərəm. Amma demirəm. Bunu etik saymıram. Heç zaman bu barədə danışmamışam və danışmayacam da. Bizim o yaşımız deyil.

Əbədi olan nəsə varsa, bunlar prinsiplər və dəyərlərdir. Mən prinsiplərə də sadiqəm, dəyərlərə də. Hər zaman çalışmışam ki, birincilərlə ikincilərin toqquşmasına yol verməyim. Kimsə bu barədə düşünməyi tərgidibsə, problemi özündə axtarsın. Bilirsiniz, nələrdənsə danışıb, nəsə fərqli mənzərə formalaşdırmaq mümkündür. Hətta asandır. Gerçəklər çox az adama bəlli olur. Əsas məsələ insanın gerçəkləri düşünərək öz prinsiplərini qorumasıdır. Əgər mübarizə bu müstəvidən kənara çıxırsa, dəyərlər itir, eybəcərlik yaranır…

- Arif Əliyev müsahibəsində ideya məsələsindən bəhs edərkən KİV-ə dövlət dəstəyinə də toxunur…

- Gəlin düşünək. KİV DF yaranmayanadək Azərbaycanda KİV-ə dövlət dəstəyi olmayıbmı? Olub. Bəlkə KİV-ə dövlət dəstəyi Konsepsiyası qəbul edilməzdən öncə mətbuat orqanlarına yardım edilmirdi? Edilirdi. Bəs Konsepsiya və KİV DF nəyə görə lazım idi? Ona görə lazım idi ki, bu proses fundamental forma qazansın. Hər bir halda dövlətin mediaya dəstək göstərməklə bağlı fikri və iradəsi var idi. Yəni onsuz da bunun bir təşkilatlanması olacaqdı. İndi vaxtilə ideya irəli sürdüklərini bildirirlər. Yəni xoruz olmayanda səhər açılmırdı?

O zaman jurnalist təşkilatı olaraq Mətbuat Şurası medianın maliyyələşməsi ilə bağlı təkliflər verdi. Bu təkliflər nəzərə alındı. Bəli, bu prosesdə Mehman Əliyev, Elçin Şıxlı kimi digərləri də iştirak edirdilər. Yenə də deyirəm, heç kəsin əməyini danmaq olmaz. İdeyanı götürüb onu irəli sürənləri kənarlaşdırmaq kimi bir yanaşma yanlışdır. Kim kənarlaşmaq istədisə, kənarlaşdı və nəyə görə kənarlaşdığı də hər kəsə yaxşı məlumdur. Hətta indi nə üçün meydana çıxıblar, o da gizli deyil.

- Arif Əliyevin məlum müsahibəsində KİVDF-ni qeyri-effektiv qurum kimi təqdim edir. Əlbəttə, əsas məqam qurumun KİV-lərin maliyyələşmə ilə bağlı şərtləri dəyişdirməsi, nəticədə qəzetlərin bir çoxunun fəaliyyətini dayandırmasıdır. Bununla bağlı nələri deyə bilərsiniz?

- Dəfələrlə bildirmişik ki, dünya mediası ilə ayaqlaşmalı olan KİV-lərimiz olmalıdır. KİV-ə dövlət dəstəyi Konsepsiyası bunu təmin etmək baxımından mühüm sənəddir. Orada sahəyə kompleks baxış ifadə edilib. Bəli, onunla razıyam ki, Konsepsiyadakı fundamentallığın tam şəkildə təmin edilməsi özlüyündə yeni baxışın tətbiqini aktuallaşdırır. Kimsə kiminsə işini bəyənməyə bilər. Narazılığını da dilə gətirməsi mümkündür. Amma əsas olan 2 şərt var. Birincisi, media ümumən ölkə iqtisadiyyatında yetərincə təmsil olunmalıdır. Medianın iqtisadi sistemdəki rolu artmalıdır. İkinci məsələ bu təmsilçiliyə dəstək üçün maliyyədir. Heç kəs iddia edə bilməz ki, hər hansı fərqli ideyası var. Başlıca məqam budur ki, maliyyə olmalıdır. Mən dəfələrlə bildirmişəm ki, mediaya dövlət dəstəyi əsaslı şəkildə artırılmalıdır. O maliyyəyə ki indiyədək KİVDF malik olub, onunla üzərinə nə düşübsə, edib.

Prinsipcə indiki mərhələdə gedilməli olan yol hər kəsə yaxşı məlumdur. Yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Yəni Konsepsiyamız var. Bir daha deyirəm ki, əsas olan maliyyə yardımının çox olmasıdır. Maliyyə dəstəyi artsa, sənəddə nəzərdə tutulanların icrasına daha səmərəli və sistemli yanaşma mümkünləşəcək.

KİVDF iddia edildiyinin əksinə olaraq, pul paylamaqla məşğul olmayıb. Pul dövlət vəsaitidir. Həmin vəsait məqsədli şəkildə verilib və hesabatı da alınıb. Yəni pulun paylanması kimi ritorikanı yersiz sayıram. Əslində bu yanaşmanın özü elə qərəz göstəricisidir. Fond ötən 10 ildə kifayət qədər səmərəli fəaliyyət göstərib, üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Kimlərsə görülmüş işləri yetərsiz saya bilər. Amma arqumentlərindən görürəm ki, yanaşmaları əsaslı deyil, niyyətləri də tam başqadır.

O ki qaldı indiki mərhələdə KİVDF-nin maliyyələşmə şərtlərini dəyişdirməsinə, burada da faciəyə döndəriləcək nəsə yoxdur. Bununla bağlı bir dəfə bildirmişəm. Yenə təkrar edirəm, ümumən qəzetçiliyə yanaşma dəyişməlidir. Hədəf budur. Dövlətin maliyyə yardımı üçün göstərilən minimum tələbləri yerinə yetirə biləcək qəzetlər olacaqsa, onlar öz işlərinə istər yaradıcılıq, istərsə də texnoloji cəhətdən fərqli baxmalıdırlar. Bizdə rəngli, yüksək keyfiyyətli kağızda çıxan qəzetlər olmalıdır. Metro və digər yerlərdə satış bərpa edilməlidir, ümumən satış şəbəkəsi genişləndirilməlidir. Bu, öz yerində.

İnsanlar informasiyanı əsasən internet üzərindən yayımlanan xəbər saytlarından, yaxud sosial şəbəkələrdən alırlar. Belə olan halda sabahın qəzetini həmin informasiyalarla dolduraraq buraxmaq kiməsə lazım deyil. Deməli, yaradıcı yanaşma, iş üslubu da dəyişməlidir. Hesab edirəm ki, belə də olacaq. Qarşıda bizi böyük dəyişikliklər gözləyir. Amma görünür, məsələ bəzilərini bərk narahat edir. Ona görə bütün potensiallarını işə salıblar. Çalışırlar ki, KİVDF-ni tam yararsız şəkildə göstərməklə ümumən media sahəsinə cavabdeh olan şəxslərin fəaliyyətinə kölgə salsınlar. Mən qurum ətrafında son günlər yayılmış söz-söhbəti məhz bu cür qiymətləndirirəm.

Ümumən onu da deyim ki, bu gün Azərbaycanda media sahəsində aparılan dövlət siyasəti ölkə başçısı cənab İlham Əliyevin tam diqqət və nəzarətindədir. Dövlət başçısının medianın fəaliyyətinə olduqca həssas yanaşması var. Bu yanaşmanın və aparılan dövlət siyasətinin heç bir alternativi yoxdur. Bu unudulmamalıdır.

İstərdim ki, məsələlərə geniş prizmadan yanaşılsın. Hansısa dar düşüncələri prinsip kimi qəbul etmək, nəyinsə ələ keçiriləcəyinə, hansısa mövqelərin qazanılacağına ümid bəsləmək, buna görə qərəz notlarına köklənmək yolverilməzdir. Çox təəssüf ki, baş verənlərdə daha çox bu meyli görürəm.

AzNews.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov