Azərbaycanda məmurlar arasında ilk dəfə Feysbuk sosial şəbəkəsində canlı yayım edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu təcrübəni mütəmadi davam etdirəcəyini bildirib.
Bizimaz.az xəbər verir ki, V.Hüseynov canlı yayıma maraq göstərən (sual verən, izləyən, dəstəyini bildirən, paylaşan və s.) hər kəsə təşəkkür edib:
"Canlı yayım zamanı texniki və digər səbəblərdən cavablandıra bilmədiyimiz suallara əməkdaşlarımız tərəfindən baxılacaq və həmin sualları verən şəxslərə cavablar təqdim ediləcək, ümumi xarakterli cavabları səhifədə paylaşacağam”.
V.Hüseynov vurğulayıb ki, ona yazılan bütün qeydlər, iradlar, o cümlədən, xoş sözlər çox dəyərlidir:
“Toxunduqları məsələ ilə bağlı rəsmi müraciət etmələrini xahiş etdiyim şəxslərin müraciətlərini gözləyəcəyik”.
Qeyd edək ki, 7 fevral tarixində Azərbaycanda ilk dəfə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Feysbuk sosial şəbəkəsində canlı yayım edib.