Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Qırıqlı, Bozalqanlı, Düz Cırdaxan, Abulbəyli, Qaraxanlı, Cəlilli, Cilovdarlı, Əlimərdanlı, Əyyublu, Qədirli, Xatınlı kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirib.
Bizimaz.az xəbər verir ki, kənd rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə millət vəkili hər bir azərbaycanlını şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarımıza diqqət göstərməyə çağırıb.
Q.Paşayeva bildirib ki, Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş bütün məmurların, millət vəkillərinin və vətəndaşların şəhid ailələrinə münasibəti ilə bağlı ortaya çox gözəl bir örnək qoyur.
Millət vəkili prezidentin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısını artırılması məqsədilə birdəfəlik ödəmə və şəhid ailəsi üçün təqaüdün artırılması ilə bağlı son fərmanlarını yüksək qiymətləndirib.
Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə geniş fikir mübadiləsi aparıb.
Q.Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz bölməsinin rəhbəri və üzvləri ilə görüşüb.
Görüşdə Milli Ordunun 100 illiyi şərəfinə təsis edilən xatirə medalı və birliyin fəxri üzvlüyü barədə vəsiqə millət vəkilinə təqdim edilib.