Xəbər lenti


Son zamanlar Azərbaycanın media məkanında qəribə və olduqca xoşagəlməz bir tendensiya müşahidə olunmaqdadır. Belə ki, bəzi mətbuat orqanları guya ki, digərlərindən obyektivlikləri və prinsipiallıqları ilə fərqləndiklərini nümayiş etdirmək üçün ən müxtəlif sahələri təmsil edən insanlar barədə, o cümlədən müəyyən hakimiyyət orqanlarına rəhbərlik edən məsul vəzifəli dövlət məmurlarına qarşı, həm də müəyyən dövr ərzində ardıcıl olaraq, öz səhifələrində “tənqidi” xarakterli yazılar dərc edirlər. Burada “dırnaq” işarəsini işlətməyim də təsadüfi deyil. Məsələ bundadır ki, belə materialların əksəriyyətinin obyektiv tənqidlə heç bir əlaqəsi olmur. Yazı müəllifi isə, dediyim kimi, öz zehni məhsuluna obyektivlik və prinsipiallıq donu geyindirməyə çalışsa da, əslində bu kimi yazıların ya sadəcə olaraq kimlərinsə sifarişini yerinə yetirmək, ya da müəllifin hansısa öz şəxsi marağının təmin edilməsinə nail olmaq məqsədilə yazıldığı elə ilk sətirlərdən məlum olur. Həmin materiallarda hədəf seçilmiş şəxsin rəhbərlik etdiyi qurum və ya təşkilatın fəaliyyətilə bir qədər də yaxından tanış olduqda isə, mövcud reallıqların yazıda təsvir olunanlarla ümumiyyətlə heç bir uyğunluğunun olmadığı aşkar görünür.

 

O cümlədən, son vaxtlar belə “tənqidə” tez-tez məruz qoyulan dövlət məmurlarından biri də Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevdir. Hansı ki, bu gün Quba rayonunda gedən dinamik inkişaf, həyata keçirilən irimiqyaslı sosial layihələr, insanların yaşam səviyyəsinin günü-gündən artması həqiqətən də bir çox digər bölgələr üçün örnək ola bilər. Bütün bunlar isə, əlbəttə ki, ilk növbədə dövlət tərəfindən regionlarımızın inkişafı üçün xüsusi olaraq tərtib olunan və uğurla həyata keçirilən uzunmüddətli inkişaf proqramlarının reallaşdırılması və digər tərəfdən də bu layihələrin məhz yüksək səmərəliliklə icrasını təmin edən yerli hakimiyyət orqanlarının səyləri nəticəsində əldə olunur. Belə ki, regionlarımızın iqtisadi inkişafının təmin olunması məqsədilə hazırlanmış müvafiq dövlət proqramlarının dəqiq icrası, dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin dürüst yerinə yetirilməsi məhz rayon və bölgələrimizdə yerləşən hakimiyyət orqanlarının fəaliyyətindən asılıdır. Həmçinin Quba rayonunda son bir ildə gedən proseslərə nəzər salsaq, həqiqətən də rayon rəhbərliyinin bu müddət ərzində kifayət qədər effektiv fəaliyyət göstərdiyinin şahidi ola bilərik. Xüsusi olaraq vurğulamaq istərdik ki, 2018-ci il bütün qubalılar üçün həm də oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Quba şəhərinə etdikləri tarixi səfərlə əlamətdar olmuşdur. Məhz elə bu səfər çərçivəsində də Ölkə Prezidenti və birinci xanım Qubada bir sıra yüksək əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdilər.

 Gənclər Parkı Qubalıların sevimli istirahət məkanı olacaq

Həmin səfər zamanı dövlət başçısı və xanımına ilk öncə təqdim olunan məkan, Quba şəhərində salınan Gənclər Parkı olmuşdu. Qeyd edək ki, parkın inşasına 2018-ci ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq

zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait var.

Qubada kənd təsərrüfatı malları istehsal ediləcək

Həmçinin ötən il Qubada “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib. “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur. Zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.

 

Hər yer “ABAD” olsun

2018-ci ildə Qubada yeni fəaliyyətə başlamış müəssisə və təşkilatlar sırasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi də yer alıb. Belə ki, Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub. “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərir. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq.

 

Uşaqlara qayğı hər zaman diqqət mərkəzindədir

Ötən il Ölkə Prezidenti və birinci xanımın iştirakı ilə Quba şəhərində açılışı olmuş önəmli müəssisələrdən biri də 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası olub. Bu körpələr evi-uşaq bağçasının inşasına 2017-ci ildə başlanılıb və 2018-ci ilin sentyabrında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina iki mərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

 Yeni, müasir xəstəxana istifadəyə verildi

Bu gün ölkəmizdə səhiyyə sahəsinin inkişafına göstərilən diqqət və qayğı əlbəttə ki, ayrıca bir söhbətin mövzusudur. Bununla belə, konkret bir rayonun sosial-iqtisadi inkişafı üzrə qəbul

edilmiş proqram layihəsində həmin rayonda əhaliyə göstərilən səhiyyə xidmətlrinin keyfiyyətinin yüksəldilməsi istiqamətində xüsusi tədbirlərin nəzərdə tutulması mütləqdir. O cümlədən, Quba Rayon Mərkəzi Xəstəxanasının binası da 1964-cü ildən istismarda olduğundan və uzun illər təmir işlərinin aparılmaması səbəbindən artıq sonrakı istismara yararsız vəziyyətdə idi. Bu səbəbdən 2015-ci ildə 230 çarpayılıq yeni xəstəxana binasının tikintisinə başlanmış və inşaat işləri ötən ilin sentyabr ayında başa çatdırılmışdır. Xəstəxana binasında müasir tibbi avadanlıqlar quraşdırılıb. Müəssisədə cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək.

 

Yollarımız təzələnir

Ötən ilin oktyabrında Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da istifadəyə verilib. 11 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 33 kilometrdir. Qeyd edək ki, dördüncü texniki dərəcəyə uyğun tikilən iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Bütün texniki standartlara uyğun salınan yol üzərində zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ümumi uzunluğu 528 metr olan su ötürücü borular tikilib, yol cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

 

Dediyimiz kimi, bütün bu sadalanan, eləcə də materialda əksini tapmamış bir çox digər nailiyyətlər ilk növbədə dövlət başçımızın regionların, o cümlədən Quba rayonunun inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlamasının, ikinci tərəfdən də rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən, qarşıya qoyulan vəzifələrin vaxtında və dəqiq icra edilməsinin nəticəsidir. Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təyin edilib. Qubalılar yaxşı xatırlayırlar ki, həmin ilin son günləri öz müxtəlifliyi, rəngarəngliyi və ən əsası da sosial-iqtisadi baxımdan yüksək səmərəliliyi ilə seçilib. Əldə olunan nəticələr isə belə deməyə əsas verir ki, Quba RİH-nin və digər yerli qurumların fəaliyyətlərində eyni intensivlik və dinamika 2018-ci ildə də davam edib. Məhz elə buna görə də Quba Rayon İcra Hakimiyyətinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Başçı Ziyəddin Əliyevin bütün işləri yalnız dövlətə və dövlətçiliyimizə sədaqət prinsipləri əsasında qurması nəticəsində, Quba RİH-nin fəaliyyəti bölgə miqyasında xalq-iqtidar birliyinin bariz nümunəsi kimi öz təzahürünü tapmaqdadır.

Zaur Vəliyev.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov