Nazirlər Kabinetinin meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydalarına dəyişiklik edilib.
Bizimaz.az-n məlumatına görə, bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli, 636 nömrəli Qərarının 5-ci hissəsində “1-8” rəqəmləri “1-4, 6-8” rəqəmləri ilə əvəz edilib və 5 saylı əlavəsi ləğv edilib.
Eyni zamanda, 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində “1-7” rəqəmləri “1-4, 6, 7” rəqəmləri ilə əvəz edilib və 5 nömrəli əlavəsi ləğv edilib.
Dəyişikliyə görə, yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, itburnu, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 3 manat, fıstıq toxumunun hər kiloqramına görə 1.50 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu.
Həmçinin, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaq.
Qeyd edək ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır.
Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.