Fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ baş verib.
Bizimaz.az xəbər verir ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov zəlzələnin baş verdiyi ərazilərə yollanıb.
Nazir verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb və rayon Fövqəladə Hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri addımlar atılacaq.
Nazir onu da bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.
O, qəzalı vəziyyətdə olan evlərin sakinlərinin başqa evlərdə müvəqqəti yerləşdiriləcəyini də qeyd edib.