Satmaq öhdəliyi ilə kirayəyə yalnız 2013-cü ildən sonra inşa edilmiş, tikintisi başa çatdırılmış, tam təmirli, qaz, su və elektrik enerjisi ilə təchiz edilmiş mənzillər və yaşayış evlərinin verilməsi nəzərdə tutulub.
Bizimaz.az xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, əhalinin maraqları nəzərə alınmaqla, yaşayış sahələri müxtəlif zonalarda və müxtəlif tipli binalarda yerləşəcək.
Satmaq öhdəliyi ilə kirayə mexanizmində yaşayış sahəsi ödəniş tam başa çatana kimi Fondun mülkiyyətində saxlanıldığı üçün kirayəçilərin əmək stajının, gəlirlərinin və s. təsdiq edilməsi nəzərdə tutulmur. Məhz bununla əlaqədar olaraq, satmaq öhdəliyi ilə kirayədə vətəndaşın qabaqcadan ödəniş yükü daha aşağıdır.
Kirayəçi onunla müqavilə bağlanıldıqdan sonra aylıq ödəniş məbləğinin 12 misli miqdarında pul vəsaitini Fondun hesabına köçürməlidir. Sonra isə aylıq əsasda ödənişlərin aparılması təmin edilir. Bundan başqa, bu mexanizmdə yaşayış sahələri tam təmirli və sığortalı şəkildə vətəndaşlara təqdim olunur.
Qaydalara əsasən, yaşayış sahələrinin yerləşdiyi ünvanı, binanı, mərtəbəni, sahəsini, otaqların sayını Fond müəyyən edir. Azərbaycan vətəndaşlarına isə tələbatına uyğun yaşayış sahəsini seçərək elektron sistem vasitəsilə kirayə üçün müraciət etmək hüququ verilir.
Yaşayış sahəsinin alış qiyməti və aylıq ödənişlər yaşayış sahəsinin yerləşməsi və sahəsindən asılı olaraq dəyişəcək. Qaydalarda vətəndaşlara kirayə üçün müraciət etmədən öncə bu məlumatlarla elektron sistemdə tanış olmaq imkanı veriləcək. Vətəndaşlar bu məlumatlarla tanış olduqdan sonra istənilən evin seçilməsini azad şəkildə həyata keçirmələri təmin ediləcək.