Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə minlərlə insan əlil olub. Əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər edilib. Məşğulluq haqqında qanun və proqramlarda əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir. Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlil dövlət tərəfindən pulsuz mənzillə təmin olunur.
Bizimaz.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva qurumun qış sessiyası çərçivəsində “İşə qəbulda ayrı-seçkilik” və “Fiziki məhdudiyyətli inklüziv işçi qüvvəsi üçün” adlı məruzələrin müzakirəsi zamanı söyləyib.
Millət vəkili bildirib ki, üzv ölkələr sağlamlıq imkanları məhdud olan insanların təhsili, onların işlə təminatı istiqamətində səylərini daha da artırmalıdırlar:
“Fiziki məhdudiyyətli insanların təhsili, onların hər hansı bir peşəyə yüksək səviyyədə yiyələnməsinə dəstək proqramları artırılmalıdır. Bu, onların işlə təminatını asanlaşdıran başlıca amillərdən biridir”.
Deputat məruzəçinin üzv ölkələrə çağırışlarını dəstəklədiyini söyləyib:
“Məruzədə üzv ölkələrə edilən çağırışlar arasında bu mövzuda əhalinin maarifləndirilməsi, təbliğatın rolu xüsusi vurğulanır ki, biz bunu dəstəkləyirik. Əlillərin əmək bazarında iştirakının təşviqində qeyri-hökumət təşkilatlarının oynadığı önəmli rolu nəzərə alaraq bu cür təşkilatların maliyyə vəsaiti ilə dəstəklənməsi artırılmalıdır.
Ölkəmizdə məruzədə qeyd olunan məsələlərə xüsusi diqqət verilir. Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları yaradaraq əlillərlə bağlı çalışması dəstəklənir. Eyni zamanda, əlillərin yaratdığı, eləcə də əlillərlə bağlı layihələr həyata keçirən təşkilatların fəaliyyətinə maliyyə dəstəyi göstərilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə hər il əlillərlə bağlı yüzlərlə layihənin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına dəstək göstərilir”.