Xəbər lenti

Yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

 

Bizimaz.az  xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev institutun binasının rəmzi açılışını bildirən lenti kəsib.

İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.

Qeyd edək ki, bu institut Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılıb. “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub.

Prezident İlham Əliyevə Elektron kənd təsərrüfatı layihəsi barədə məlumat verilib.

Qeyd olunub ki, bu layihənin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. Sistem kənd təsərrüfatı fəaliyyətləri istiqamətində məlumatları toplamaq, təhlil etmək, bu sistemin istifadəçilərinin məlumatlandırılmasını təmin etmək üçün xüsusi modulları özündə cəmləşdirir. İnstitut və onun tabeli qurumları - Lənkəran, Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur. Hazırda burada 158 nəfər çalışır ki, onlardan da 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i isə fəlsəfə doktorudur. Kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi nəzərdə tutulub.

İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının, aqrar sahənin inkişafı istiqamətində mühüm işlər görülür. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdən biridir. Belə müasir kompleksin yaradılması ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir. Müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında da böyük əhəmiyyət daşıyır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.

Prezident İlham Əliyevə Aqrar İnkişaf Könüllüləri layihəsinin məqsədi barədə də məlumat verilib.

Diqqətə çatdırıldı ki, bu layihənin həyata keçirilməsində məqsəd aqrar sektorun inkişafına ictimai dəstək göstərmək, aqrar sahədə könüllü cəmiyyəti formalaşdırmaqdır. Bununla da, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların təbliği ilə bu sahənin dayanıqlı inkişafına nail olmaqdır.

Sonra dövlətimizin başçısı Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Könüllülər Sarvan Cəbrayılzadə və Rübabə Yusifova layihə barədə məlumat verdilər, könüllülük hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov