Zamirə Hacıyevanın oğurladıqları üzə çıxdıqdan sonra İngiltərədə daxili işlər nazirinin rəhbərliyi ilə Azərbaycandan gələn pul vəsaitlərini araşdırmaq üçün qrup fəaliyyətə başlayır; Anar Məmmədov bu ölkədə ən çox varidatı olan azərbaycanlı hesab olunur
Bizimaz.az bildirir ki, Bu barədə "Report" "Deutsche Welle"yə istinadən xəbər verir.
Qrupa maliyyə naziri Filip Hammond və daxili işlər naziri Sacid Cavid rəhbərlik edəcək. "Santander", "Lloyds" və "Barclays" banklarının nümayəndələri isə qrupun tərkibində yer alacaq.
S.Cavidin sözlərinə görə, rəsmi London korrupsiyaya qurşanmış fırıldaqçılara qarşı bütün cəbhələrdə addımlar atmaq niyyətindədir. Yeni antikorrupsiya strukturu əsasən Rusiyadan, MDB ölkələrindən, Nigeriyadan və Asiya ölkələrindən gələn pul vəsaitlərinə diqqət yetirəcək.
Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə hər il ümumi dəyəri 14,4 milyard funt sterlinqə bərabər olan iqtisadi cinayətlər törədilir.
İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. Məlumdur ki, Britaniyada Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar. Ev dustağı edilən xanım Hacıyevanın dəyəri milyonlarla funt-sterlinqlə ölçülən əmlaklarına həbs qoyulub. Qərardan da göründüyü kimi, Britaniya hökuməti adları korrupsiyada hallanan əcnəbilərin, eləcə də Azərbaycandan bu və ya digər səbəbdən qaçmış digər oliqarxların yaxasını buraxmaq fikrində deyil.
Londonda bəzi azərbaycanlı oliqarxların və iş adamlarının dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Amma məlumatlara görə, onlar arasında ən çox varidatı olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin ("National Crime Agency") yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda deyilirdi ki, sabiq MTN şefi Eldar Mahmudovla oğlu Anar Mahmudovun, eləcə də sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda mənbəyi şübhəli olan əmlakları var.
Britaniyada Məmmədovların "BROOKWOOD INTERNATIONAL lIMITED" şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanənin satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var.
Londonun mərkəzində tikilmiş çox bahalı "One Hyde Park" yaşayış kompleksində mənzil sahiblərindən biri Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.
Tanınmış vəkil Əkrəm Həsənov hələ bir müddət əvvəl yerli mediaya açıqlamasında demişdi ki, "Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbs qoymaq niyyətindədir". Güman ki, yeni yaradılacaq qrupun "qara siyahısı"na varidatının mənbəyi şübhəli olan bir neçə azərbaycanlı oliqarxın adı da salınıb. Bu sırada isə Məmmədovların başda olacağı gözləniləndir. Yada salaq ki, A.Məmmədov iki ildən çoxdur ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır.