Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının ardıcıl olaraq həyata keçirilməsi Masallıda aqrar-sənaye kompleksinin indiyədək müşahidə olunmamış bir dinamika ilə inkişafına yol açmışdır
Bizimaz.az bildirir ki, Masallı “Sənaye məhəlləsi”nin yaradılması rayonun iqtisadi inkişafında
yeni mərhələnin başlanğıcı oldu.
Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır. Hazırda Sənaye məhəlləsində tikinti işləri yekunlaşma mərhələsindədir.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalıçılarına xüsusi .stimullaşdırıcı yardımlar olunur
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına yardım verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması, kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmiş və hesabat ilində əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə istehsal olunmuş dəyəri 549985,6 min manat olan ümumi məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 102627.7 min manatını, yəni 18,7 faizini kənd təsərrüfatı məhsulları təşkil edir. Kənd təsərrüfatının aparıcı sahəsi bitkiçilik və heyvandarlıqdır.
2018-ci ilin yanvar-sentyabr aylarındarayonun kənd, meşə və balıqçılıq təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 102627.7 min manat məhsul istehsal olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 4943.5 min manat və ya 5,1 faiz çoxdur.
2018-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı müəssisələrində 79674 nəfər, o cümlədən 365 nəfəri hüquqi şəxslərin müəssisələrində çalışmışdır ki, onlara verilən əmək haqqının miqdarı 612.7 min manat olmuşdur.
Kənd təsərrüfatına aid dövlət müəssisələrində bir işçinin orta aylıq əmək haqqı 186.5 manat olmuşdur.
Masallıda abadlıq-quruculuq işləri geniş vüsət alıb.
Cari ildə Masallıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həm həcmi, həm də dinamikası yüksəlmişdir. Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750
p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Çay yatağının qalan 159 p/m-lik hissəsinin beton məcraya salınması ilə əlaqədar maliyyə vəsaitinin ayrılmasından ötrü aidiyyəti üzrə müraciətlər edilmişdir. Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən Viləş çayı boyunca 50 hektara yaxın ərazidə meşə-park, o cümlədən 7 hektarda “Park-bulvar” kompleksinin salınmasına başlanılmışdır. ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmiş, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Park-bulvar kompleksinin salınması ilə əlaqədar layihələndirmə tapşırığı əsasında müvafiq layihə təşkilatı tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, səhnə, istirahət və iaşə obyektləri, 2 fontan, söhbətgahlar, çay üzərində 1 piyada və 2 nəqliyyat vasitələrinin hərəkəti üçün körpü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur. Layihə sənədlərinə uyğun olaraq kompleksdə ilkin olaraq tikintisi nəzərdə tutulan obyektlərin tikintialtı sahəsi 759 kv.m, gəzinti yerlərinin sahəsi 26340 kv.m, yaşıllıq sahə isə 25840 kv.m təşkil edir.
Rayon rəhbərliyinin effektiv fəaliyyəti ictimaiyyət tərəfindənyüksək qiymətləndirilir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Masallıda da qızğın iş gedir. Ölkəmizin ümumi iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu sənədlərdə irəli sürülmüş vəzifələrin icrası üçün Masallı rayon rəhbərliyi sözün əsil məmasında yerli sakinlərlə birlikdə bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bu səylərin nəticəsidir ki, hazırda rayonun iqtisadiyyatının və mədəni həyatının daha da çiçəklənməsi aşkar müşahidə olunur. Bu gün Masallının aqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir. Əlbəttə ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən, açılan imkanlardan maksimum düzgün yararlanıb rayon və bölgələrimizdə davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün artıq yerli hakimiyyət orqanlarının da məqsədyönlü və səmərəli fəaliyyət göstərmələri əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Heç bir şübhə yoxdur ki, Masallı sakinləri bundan sonra da doğma respublikamızın inkişafı naminə, ümummilli liderimiz Heydər Əliyevin bizə əmanət qoyduğu müstəqil Azərbaycanımızın tərəqqisi yolunda əzmlə çalışacaq, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin həyata keçirilməsini daim dəstəkləyəcəklər.