Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Aqil Muxtar oğlu Şirinovun Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilməsi barədə sərəncam imzalayıb.
Bizimaz.az xəbər verir ki, Aqil Şirinov 1979-cu il sentyabrın 28-də Kəlbəcərdə anadan olub. 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-2001-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. 2001-cu ildə Türkiyənin Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub. 2003-cü ildə magistr olub, 2007-ci ildə isə ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
A.Şirinov 2008-ci ildən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən isə baş müəllimi vəzifəsində çalışıb. O, həmçinin, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsində fəlsəfə, islam məzhəbləri tarixi, din sosiologiyası və din psixologiyası fənlərini tədris edib. Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Fitva və moizə şöbəsinin müdiri vəzifəsində də çalışır.
Aqil Şirinov 2009-2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində “Studio Kembric” adlı dil kursunun həm ümumi ingiliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini bitirib. O, həmçinin, ABŞ Konqres Kitabxanasının Açıq Dünya (Open World) proqramının “Dini dözümlülük” (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanıb.
Fəlsəfə və islam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalələrin müəllifidir. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif, digərləri həmmüəllif), ikisi xaricdə olmaqla 20-dən çox məqaləsi, 8 tezisi nəşr olunub. O, 13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qeyd edək ki, Aqil Şirinov indiyədək İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.
istinad