Xəbər lenti



Azərbaycanın bugünkü qüdrəti, dünya dövlətləri arasında çox yüksək mövqe tutması, xüsusi hörmətə, çəkiyə malik olması Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin ideyalarını ən yüksək səviyyədə həyata keçirməsi və bu istiqamətdə gördüyü işlərin nəticəsində mümkün olub.

 

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın ən ağrılı problem olan Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırmaq və həll etmək istiqamətində yorulmadan fəaliyyət göstərir: "Son hadisələr göstərir ki, cənab Prezidentin mövqeyi, fikirləri, apardığı siyasət dünyada əsas xarici siyasət istiqamətlərindən biri kimi qəbul olunur".

Millət vəkili vurğulayıb ki, Azərbaycan son illərdə xarici siyasətdə böyük uğurlara imza atıb: "Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi heç də təsadüfi deyil. Azərbaycan bu gün dünyada həm də tolerant, multikultural dövlət kimi tanınır, ölkəmiz dünya üçün böyük əhəmiyyət kəsb edən mədəniyyətlərarası dialoq və humanitar forumlara ev sahibliyi edir, dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verir, terrorizmə qarşı beynəlxalq mübarizəyə fəal dəstək verir və bütün bunlar dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Ölkəmiz artıq dünyada multikulturalizm mərkəzi kimi tanınır və bu gün Azərbaycanın multikulturalizm modeli dünya dövlətləri tərəfindən öyrənilir. Azərbaycan, həmçinin Qərblə Şərq arasında, müsəlman dünyası ilə xristian dünyası arasında bir körpü rolunu oynayır, müsəlman ölkələri arasında İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilməsi, həmçinin Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun bariz nümunəsidir".

S.Səmədov qeyd edib ki, Azərbaycan regionda lider dövlətə çevrilib: "Azərbaycan böyük beynəlxalq layihələrin həm təşəbbüskarı, həm də əsas iştirakçısı qismində çıxış edir. Elə təkcə bu yaxınlarda işə salınan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin beynəlxalq əhəmiyyətini nəzərə alanda Azərbaycanın dünya üçün nə qədər böyük işlər gördüyü, eyni zamanda, ölkəmizin rolu aydın görünür. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu, düşünülmüş və uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək, ölkəmiz həm xarici, həm də daxili siyasətdə daha böyük uğurlara imza atacaq".



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov