Ölkə başçısı bu gün bütöv bir xalqın məsuliyyətini daşıyır. Prezidentin son zamanlar intensiv görüş və tapşırıqları göstərir ki, İlham Əliyev ən xırda detallarına qədər bütün prosesi nəzarətdə saxlayır.
Ötən gün Prezidentin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasdakı çıxışı da bu faktı bir daha təsdiqlədi.
Prezidentin çıxışında toxunduğu iki istiqamətə diqqət çəkmək istərdik. Bunlardan birincisi sahibkarların və işçilərin etməli olduğu, yəni bu ağır vəziyyətdə məsuliyyətlərini dərk etmələri ilə bağlı vurğulanan məqamdır.
Söhbət əmək müqaviləsindən gedir.
Əmək müqaviləsi hər bir vətəndaşın və sahibkarın riayət etməli olduğu bir zərurətdir. Koronavirus pandemiyası bir daha bu mövzunun nə dərəcədə əhəmiyyətli olduğunu bizə göstərmiş oldu.
Ölkə başçısı çıxışı zamanı bu məsələyə bir daha toxunaraq sahibkarlara və vətəndaşlara əmək müqaviləsi əsasında işləməyin avantajları, əksinə, müqaviləsiz çalışmağın fəsadlarının tam mənzərəsini cızdı. Əmək müqaviləsi əsasında çalışmayanlar təkcə dövlət büdcəsinə ziyan vurmur, eyni zamanda, öz gələcəklərini və düşdükləri çətin vəziyyətdə dövlətin onları xilas etməsi imkanlarını məhv edirlər.
Əmək müqaviləsi vətəndaşın dövlət qarşısında öhdəliyi, dövlətin isə vətəndaşın bütün hüquqlarını qorumasını təmin edən əsas sənəddir. Bu mənada ölkə başçısı sahibkarları qeyri-formal məşğulluğa son qoymağa, işçiləri isə bir daha əmək müqaviləsi olmadan işləməməyə çağırmaqla dövlət-vətəndaş münasibətlərini bir daha sivil və hüquqi müstəviyə keçirməkdə israrlı olduğunu göstərdi. Hətta xüsusi olaraq vurğuladı ki, əmək müqaviləsi ilə çalışmaq istəməyən sahibkarı dövlət cəzalandırmağa da hazırdır.
Prezidentin çıxışında toxunmaq istədiyimiz ikinci istiqamət isə postkorona dövrünə hazırlıq tapşırığıdır.
Prezident burada da strateji düşüncə tərzini ortaya qoydu: bütün bu işlərlə postkorona dövrünə hazırlıq paralel getməlidir.
Bu, təkcə karantin rejiminin tədricən aradan qaldırılmasını nəzərdə tutmur, iqtisadiyyatın normal məcraya dönməsi üçün strateji plan və hədəflərin karantin rejiminin yumşalması ilə mütənasib şəkildə tətbiqini tələb edir.
Belə demək mümkünsə, Prezident artıq ən ağır dönəmin arxada qaldığı mesajını verməklə, iqtisadi dirçəliş üçün düyməyə basdı.