Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “2017– İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib. Dövlət başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından dini rəhbərlərin böyük heyətlə bu konfransda iştirakından məmnunluğunu ifadə edib, mütəmadi keçirilən bu cür görüşlərin Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, “İslam Həmrəyliyi İli” elan olunmuş 2017-ci ilin başa çatmasına baxmayaraq, Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək və bu baxımdan təsis olunacaq koordinasiya şurası gələcək birgə fəaliyyətin həyata keçirilməsi üçün yaxşı imkan yaradacaq.
Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev Prezident İlham Əliyevlə görüşlərindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiklərini deyib. O, “2017–İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunması işinə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirib, tədbirin xalqlar arasında dostluğun möhkəmlənməsi işinə töhfə verdiyini məmnunluq hissi ilə qeyd edib. Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edən İsmail Berdiyev onun Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qonaq hər dəfə olduğu kimi, Azərbaycana budəfəki səfərləri zamanı da ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını qeyd edib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın son illər əldə etdiyi sürətli iqtisadi inkişafın təmin olunmasında, xalqımızın rifah halının yaxşılaşdırılmasında cəmiyyətimizdə hökm sürən sabitlik, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə şəklində mehriban yaşamaları böyük rol oynayır. Müsəlman ölkələrində narahatlıq doğuran problemlərin mövcud olduğunu deyən Prezident İlham Əliyev bunların aradan qaldırılması üçün müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin böyük önəm daşıdığını deyib və Azərbaycanın bu işə bundan sonra da töhfə verməkdə davam edəcəyini vurğulayıb.