Təhsil Nazirliyi 2017-ci ildə təhsil sistemində həyata keçirilmiş islahatların qısa xülasəsini ictimaiyyətə təqdim edib.
2017-2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunub. Tədris ilində Bakı şəhərində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 5 yaşlıların 65 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub.
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.
2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında müsbət dinamika müşahidə olunub. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.
Bundan başqa, Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqi açıqlanıb. Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub.
Reytinq sıralamasında Azərbaycanın ali məktəblərinə Bakı Dövlət Universiteti başçılıq edir.Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100-cü) yer ala biliblər. Digər ali məktəblərimiz reytinqə aşağıdakı ardıcıllıqla daxil olublar: Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).