Xəbər lenti

İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər
 

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Ardını oxu...



Azərbaycan bu günlərdə öz tarixinə şanlı səhifələr əlavə etməkdədir. İndi xalqın ruhunu daha da canlandıran, vahid ürək kimi döyündürən iki fakt var: Ərazilərin ard-arda işğaldan azad edilməsi və ölkə Prezidentinin öz xalqı ilə daim bərabər olması. Bu günə gələn yolun təqribən 30 illik hazırlıq mərhələsi var və onun əsl mahiyyətini Prezident İlham Əliyev 27 sentyabrda həm xalqa müraciətində, həm də Təhlükəsizlik Şurasının iclasındakı çıxışında çox aydın ifadə etdi.

Prezident İlham Əliyev bütün yerli və xarici çıxışlarında bir məsələni daim vurğulayır: Azərbaycan müstəqil ölkədir və müstəqilliyini qoruya biləcək gücə və iradəyə malikdir. Əslində, bu, tarixi əcdadlarımızdan bizə miras qalan torpaqlara sahib çıxmaqdır. Təhlükəsizlik Şurasının iclasına sədrlik edən cənab İlham Əliyev məhz bu məqamı bir daha önə çəkdi: "Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Azərbaycan Prezidenti 27 sentyabrda xalqa müraciətində deyir: "...Bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir”.


Bu həqiqətin təsdiqi olaraq sentyabrın 30-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Ermənistan və Azərbaycan arasındakı son hadisələrdən, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlığını bildirən bəyanat yayıb.

Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin  əksəriyyəti bu günə kimi qorunub saxlanılır.  Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil.

Erməni şovinistləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır.

 


 Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, muzeylər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib, kitabxanalar, misilsiz əlyazma nümunələri yandırılıb.

Erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşud Banu Natavanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün mənəviyyat normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir.

Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Təsadüfi deyildir ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.

Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, o cümlədən adları çəkilən konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 10 aprel 1998-ci il tarixdə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun tarix və mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

İstisna deyil ki, bu gün torpaqlarımızın işğaldan azad edilməsi prosesini həyata keçirən rəşadətli Azərbaycan ordusunun qarşısında qaçmaq məcburiyyətində qalan erməni silahlıları geri çəkilərkən bizim təkcə canlı qüvvələrimizə deyil, həm də digər mədəni abidələrimizə mümkün qədər çox zərər vurmağa çalışsınlar. Sentyabrın 27-də düşmənin cəbhədə törətdiyi təxribatına cavab olaraq əks-hücuma başlayan və hamımızı Böyük Qələbənin çox da uzaqda olmadığına inandıran uğurlu əməliyyatlarını davam etdirən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin mövqeyi bəllidir: “Ermənistanla danışıqlar yalnız erməni hərbçilərinin Azərbaycan ərazisindən tam çıxarılmasından sonra baş tuta bilər.  Şübhəsiz, əsas şərtləri bizim diktə edəcəyimiz həmin danışıqlarda Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin vacib aspektlərindən biri kimi tərəfimizdən irəli sürüləcək”.

 

Akif Məlikov
Əməkdar İncəsənət Xadimi 
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru



BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletti Ermənistan və Azərbaycan silahlı qüvvələri arasındakı təmas xəttindəki hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırış edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov