Gürcüstanda yüzlərlə insan sabiq Prezident Mixail Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında toplaşıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Məlumata əsasən, 12 nömrəli Rustavi həbsxanasının qarşısında keçirilən etiraz aksiyasında müxalifət liderləri də iştirak edir. Bildirilir ki, həbsxananın ərazisi çox sayda polis tərəfindən qorunur və burada vəziyyət sakit olaraq qiymətləndirilir.
“Mixail Saakaşvili həbsxanada olmamalıdır. O, bizim ölkəyə hava kimi lazımdır. Bizə onun təcrübəsi, biliyi, siyasi duruşu lazımdır”, - deyə aksiya iştirakçılarından biri vurğulayıb.
Qeyd edək ki, oktyabrın 1-də 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb. Onun Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir.
Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.
Bu yaxınlarda Baş nazir İrakli Qaribaşvili Saakaşviliyə qarşı kəskin ittihamlar irəli sürüb. Hökumət rəhbərinin sözlərinə görə, Saakaşvili və onun komandası ölkədə iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini bunda günahlandırmaq məqsədilə gürcü müxaliflərin qətlə yetirilməsini planlaşdırıblar.