Böyük müəssisələr, nəqliyyat sektoru böyük şəhərlərdə havanı çirkləndirən əsas amillərdir. Son illərdə köhnə müəssisələrin sayı azalıb. Demək olar ki, köhnə müəssisələr bağlanıb. Sumqayıtın nümunəsində görə bilərik ki, atmosfer havası köhnə kimyadan təmizlənib. Orada yeni zavodlar yaradılıb. Yeni texnologiyaların tətbiqi uğurla həyata keçirilir. Yeni açılan polipropilen, karbamid zavodunu az tullantılı zavodlar adlandırmaq olar.
Bizimaz.az: Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.
Nazir ilk olaraq atmosferin çirklənməsinin qarşısının alınması barədə danışıb:
“Bizim məqsədimiz tullantıların həcmini minimuma endirməkdir. Müəssisələr özləri də buna maraqlı olmalıdır. Çünki onlar hər bir müəssisəyə görə ödəniş edirlər. Sumqayıtda ekoloji çirklənmənin qarşısı tam alınıb. Orada daha sağlam şərait hökm sürür. Bakıya gəldikdə isə neft emalı zavodları mövcuddur. Məsələn, Heydər Əliyev adına Neft Emalı Zavodu əvvəllər şəhərin kənarında yerləşirdi. İndi isə şəhər böyüdüyü üçün zavod da şəhərin mərkəzində yerləşir. Böyük bir modernizasiya planı hazırlanıb. Biz növbəti illərdə bu zavodun yeni texnoloji rejimdə işləyən, təbiətə dost müəssisəyə çevrilməsini görəcəyik. Digər narahatedici faktor sözsüz ki, nəqliyyat sektorudur. Tullantıların əksər hissəsi nəqliyyatın payına düşür. Dövlət orqanları ilə bu istiqamətdə işlər gedir. Yəni avtomobil parkının yenilənməsinə necə nail ola bilərik. Həm köhnə maşınların utilizasiyası, həm də idxal zamanı daha az tullantılı avtomillərin gətirilməsi barədə düşünürük. Bu mənada elektrik, hibrid avtomobillərin ölkəyə gətirilməsi bizim üçün hədəfdir. Çalışırıq ki, buna nail ola bilək. Çünki ölkə üzrə avtomobil parkının köhnəlməsi intensiv şəkildə gedir. Nə qədər köhnəlirsə, tullantılar da bir o qədər çox olur”.