“Meyvəli” meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarında kütləvi zəhərlənmə olub.
Hadisə səhər saatlarında baş verib.
Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub. Ünvana yollanan həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) aparıblar.
Saat 10:52-də ikinci çağırış daxil olub. Daha üç nəfərin halının pisləşdiyi bildirilib.
Sözügedən şəxslər də KTM-nin yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini deyiblər.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımi yardımlar edilir. Vəziyyətləri orta-ağırdır.(oxu.az)