Xəbər lenti



Elimizə-obamıza yaz gəlir. Təbiətin nazlı gəlini bahar yenə də cilvələnir. Təbəssümlə boylanan günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Kol dibindən boylanan bənövşə, rayihəsini yaz mehinin qanadlarında ətrafa yayan novruzgülü baharın müjdələri kimi könül oxşayır. Həzin mehin yüngülcə dalğalandırdığı çiçəklər, otlar naz satan gözəllərə bənzəyir sanki. Yazda təmiz, sərin havanı sinə dolusu ciyərlərimizə çəkəndə yamyaşıl otların üzərində gəzib, ətirli çiçəklərdən dərəndə təbiətin nə qədər ecazkar və gözəl olduğunu bir daha duyuruq. Qoy, yaz günəşi daha möhkəm şığısın, dərələri ağ köpüklü çayların səsi bürüsün, yaz yağışları təbiətə can versin..





Fəsillər ümumiyyətlə insan əhvalına ciddi təsir edən təbiət qanunauyğunluğudur. Yaz fəsilində təbiətdə olan canlanma insanlara da sirayət edir. Havaların isinməsi, zərif çiçəklərin, otların torpaqdan baş qaldırması, iliq küləklərin əsməsi, yaz yağışı və s. təbii hadisələr insana, “inkişaf elə”, “ bəhrələn”, “ yaşa” kimi sözlər pıçıldayır. Məhz bu səbəbdəndir ki, insan özünu bu fəsildə bəxtiyar hiss edərək isinməyə ekvivalent-tonqal qalayır, cücərməyə, canlanmaya ekvivalent-səməni hazırlayır, bərəkətə ekvivalent-bişmişlər bişirir və xoşbəxt olduqlarını ifadə etmək üçün çal-çağır, toy-bayram ayini keçirir.

Novruzun qədim və geniş miqyaslı bayram olması məhz insan təbiətinə, insan halına nə dərəcədə uyğun olmasını bir daha gözlər önünə gətirir. Günəş-Yer münasibətlərindən Günəşdən gələn şüaların Yerə düşmə bucağından, havadakı nisbi rütubətdən, buludların formasına kimi demək olar ki, hər şey dəyişir. El arasında “ Qırx ikindi” adı verilən leysan yağışlar başlayır. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər və anbarlar su ilə dolur. Bu da əkin sahələrini suvarmaq üçün su ehtiyyatını artırır.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişini ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur.

Əvvəlcə, hər yer su idi, sonra su üzərində torpaq yarandı, su ilə torpağın qovuşuğu odu meydana gətirdi. Yel isə bu ünsürlərə həyat verdi. Beləcə, 4 müqəddəs ünsürün- su, torpaq, od və havanın qarşılıqlı həyat  mexanizmini yaratdı.

 Boz ayın birinci çərşənbəsində yazın nəfəsi ilk əvvəl suya toxundu, payızdan bəri qurumuş çaylara su gəldi. Bu, o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxtalar sınmağa, zəifləməyə başlayır. Xalq arasında ilk çərşənbənin «Sular Novruzu», yaxud «Su çərşənbəsi» adı ilə tanınması da elə bu inamla bağlıdır.

İkinci çərşənbə Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. M.Təhmasibin qeydlərinə görə, xalq, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

Yel çərşənbəsinə «hava çərşənbəsi», «külək oyadan çərşənbə» də deyərlər. Bu çərşənbədə insanlar al-yaşıl geyinər, bulaqlara 7 yerdən göz açarlar. Həmin gün insanlar ağac altında oturub niyyət edər, yel babanı köməyə çağırarlar. Əgər həmin an meh hiss etsən, deməli, arzun yerinə yetəcək.

Sonuncu çərşənbə Torpaq çərşənbəsidir. Bu çərşənbənin də özünəməxsus inancları var. Əski inanclara görə, təbiətdə bütün mövcud olanlar üçün əsas torpağın oyanması ilə bağlıdır. Torpaq həyat mənbəyidir, yaradıcı olduğundan ona ana torpaq deyirik. Torpağa sədaqət, məhəbbət anaya, Vətənə məhəbbətlə bərabər tutulur. Torpaq təpərdir, torpaqda güc var, ondan yapışsan, ona əyilsən, zəhmət təri ilə suvarsan, səni qaldırar.

Odur ki, təbiətin bizə bəxş etdiyi bu gözəllikləri qoruyaq, təbiətimizin inkişafı üçün əlimizdən gələni əsirgəməyək.


Dünyanın Müxtəlif Bölgələrində Yaz FƏSLİ - FOTO


Bütün Azərbaycan xalqını “Novruz bayramı münasibəti ilə təbrik edirəm. Qoy bu təravətli Novruz bayramı süfrələrinizi ruzi, qəlbiniz isə xoş hisslərlə doldursun...”

Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun.

Bayramınız mübarək olsun.

 

Cəmilə Səlimova

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov