Günümüzün bəlasına çevrilən narkomaniya hər kəs üçün təhlükə mənbəyidir. Paytaxtın "Sovetski" kimi tanınan ərazisində yaşayan sakinlər üçün isə bu təhlükə bir addımlıqdadır. Yarısökülü həyət evlərində narkotik istifadəçiləri məskən salıblar. Sakinlər deyirlər ki, onların əlindən küçəyə çıxa bilmirlər.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bakıda şəhərin mərkəzində yerləşən bu ərazi narkomanların yuvasına çevrilib. Özlərini bədbəxt edən insanlar bura yığışaraq başqalarına da təhlükə törədirlər.
Səbail rayonu Nəriman Nərimanov küçəsi, 4-cü döngə, 22 ünvanında yaşayan sakinlərin 1 aydan çoxdur ki, narkoman qonşuları peyda olub. Sakinlər deyirlər ki, ərazi plana düşdüyündən burada yaşayan bəzi insanlar evlərini sataraq ərazidən gediblər. Sonradan tikinti şirkətinin işləri yarımçıq qoyması ilə evlər də yarısökülü vəziyyətdə qalıb. Bu boş evləri isə indi narkomanlar özlərinə məskən seçiblər.
Sakinlər iddia edirlər ki, tanımadıqları şəxslər gecə səhərə qədər səs-küy salır, tapdıqları taxtalarla ocaq qalayırlar.
İstənməyən qonaqlar xüsusilə gecə saatlarında bu əraziyə gəlirlər. Sakinlər deyirlər ki, onların gəlişi ilə bu evlərdə oğurluqların da sayı artıb. Tanımadıqları bu adamlar həyətlərə girir, özlərinə lazım olanı götürür, tapmadıqda isə evlərdən oğurluq edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirdilər ki, sözügedən ünvan üzrə zəruri tədbirlər görüləcək.
BAKU.WS