Xəbər lenti


Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılıq məhsulları - bal festivalı” keçirilir.
Bizimaz.az: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat verib, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırıblar.

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda, əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrdən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, arıçılıq sahəsinə güzəştli kreditlərin və arıçılıq avadanlıqlarının lizinq yolu ilə sahibkarlara verilməsi, arıçıların xəstəliklərə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təminatı, arıçılıq avadanlıqlarının istehsalı və satışının təşkili edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada arıçılığın inkişafı üçün geniş imkanlar açır. Hazırda muxtar respublikada arıçılıqla məşğul olanların sayı gündən-günə artır. Arı məhsullarının istehsalı və satışı bazar iqtisadiyyatına uyğun olaraq formalaşmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı tərəfindən 12 min 985 kiloqram süzmə, 3342 kiloqram şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyət malik olan dərman bitkiləri və digər məhsullar çıxarılıb. Festivala çıxarılan məhsullar xüsusi taralarda qablaşdırılıb. Həmçinin baldan hazırlanan müxtəlif şirniyyatlar, araqlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif edilir.

Festivalda, eyni zamanda, müxtəlif arıçılıq ləvazimatları nümayiş olunub. Festival arıçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə, onların bu sahədə əldə olunan yeniliklərlə tanış olmalarına şərait yaradır. Arıçılıqla bağlı çap olunmuş kitab və bukletlər bu sahədə mühüm əhəmiyyətə malikdir. Kitab və bukletlər arıçılara paylanıb.

Qeyd olunub ki, Günnüt, Havuş, Tənənəm, Şahbulaq, Tivi, Buzqov, Şurud, Ağbulaq və digər kəndlərdə istehsal olunan bal dadı, qoxusu, görünüşü və müalicəvi əhəmiyyəti ilə seçilir. Muxtar respublikanın florası nektarlı bitkilərlə zəngindir. Azərbaycanda mövcud olan 400 növ balverən bitkinin əksəriyyəti muxtar respublikanın ərazisində bitir. Naxçıvanın coğrafi iqlim şəraiti isə balverən bitkilərin müxtəlif vaxtlarda çiçəkləməsinə səbəb olur. Bütün bunlar da arıçılığın inkişafı üçün geniş imkanlar açır. Bunun nəticəsidir ki, muxtar respublikada arı ailələrinin sayı artaraq 71 mini ötüb.

Günnüt kəndindən olan arıçı Fikrət Məmmədov deyib ki, uzun müddətdir Günnüt kəndinin həsrətində idik. Kəndimizin işğaldan azad olunması sakinlərin böyük sevincinə səbəb oldu. Bu gün Günnüt kəndində təsərrüfatla məşğul oluruq, arı ailələri saxlayırıq. Bundan sonra da kəndimizin təbii imkanlarından geniş istifadə edəcəyik.

Arıçılardan Məhərrəm Eyvazov, Əsəd Hacıyev, Etibar Məmmədov, Abdulla Sadiqov, Baba Babayev, Azər Şahverdiyev, Yaşar Həbibov və Tahirə Zamanova arıçılığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Bu gün muxtar respublikada qədim arıçılıq ənənələrinin yaşadılmasına xüsusi diqqət yetirilir. Arıçılığın inkişafında Naxçıvan təcrübəsinin tətbiqi diqqətdə saxlanılır. Culfarayonunun Gülüstan kənd sakini, arıçı İlqar Hüseynov arı ailələrinin becərilməsində qədim metodlardan geniş istifadə edir.

Arıçı İlqar Hüseynov Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib ki, təsərrüfatının inkişafı üçün hər cür şərait yaradılıb. Arı ailələrinin köçürülməsi, xüsusilə dağ və sərhəd kəndlərində arı ailələrinin saxlanılması üçün bütün imkanlar mövcuddur. Torpaqlarımız etibarlı müdafiə olunur, qorunur. Bu imkanlardan istifadə edərək keyfiyyətli məhsul istehsalına nail oluruq. Bu il öz təsərrüfatımda istehsal etdiyim 55 kiloqram balı hərbi hissəyə təhvil vermişəm. Bu həmrəylik, birlik və göstərilən qayğı bizi daha da ruhlandırır.

Ali Məclisin Sədri arıçılara təşəkkür edib, arıçılığın inkişafında Naxçıvan təcrübəsinin tətbiqinin əhəmiyyətini vurğulayıb, maarifləndirmə işlərinin aparılması, muxtar respublikada arıçılığın inkişafına bundan sonra da dəstək verilməsi, arıçılıq təsərrüfatlarının genişləndirilməsi üçün subsidiyaların ödənilməsi və tibdə arı məhsullarından istifadənin genişləndirilməsi barədə tapşırıqlar verib.

Festival oktyabrın 21-dək davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı rəngarəng konsert proqramı təqdim edib.
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov