Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-də
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında
Lənkəran,
Astara,
Cəlilabad,
Masallı,
Lerik,
Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Bizimaz.az: Qəbuldan öncə nazir İnam Kərimov və
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhərin mərkəzində ucaldılan ümummilli lider
Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nazir İnam Kərimov
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 65 nəfərin müraciətinə baxıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 29 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib, 1 mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 21 nəfər isə texnikasını texniki baxışdan keçirib.
Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.