Şuşa bu gün hər bir azərbaycanlının getmək istədiyi yerdir. 28 illik işğaldan sonra azadlığına qovuşan Şuşanı görmək üçün təklif gələndə həyəcanımı sözlə təsəvvür etmək bəlkə də qeyri-mümkündür.
Bu, mənim azad edilmiş ərazilərə 4-cü səfərim idi, lakin əvvəlki səfərlərdə bu qədər həyəcan keçirməmişdim. Elə bu həyəcana görə də səfər proqramı ilə maraqlanmağı unutdum, Şuşanın adı bütün sözləri beynimdən sildi.
“Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilən səfərdə Türk Şurasına üzv dövlətlərin media nümayəndələri iştirak edirdi. Əvvəlcə Füzuli rayonuna yollandıq. Yol boyu Şuşa şəhəri ilə bağlı gördüyüm fotoları özlüyümdə analiz edirdim. Şuşanın 10 ay ərzində necə dirçəlməsi ilə bağlı bir azdan fikirlərimi bölüşəcəyəm. Hələlik isə Füzulinin Qarğabazar kəndinə gəldik. Burada bizi Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi Natiq Əsədov qarşıladı. Görülən işlərlə tanışlıq zamanı məlum oldu ki, Füzulidən Cəbrayıla qədər olan hissənin minalardan və hərbi sursatlardan təmizlənməsini həyata keçirən layihə yaxın bir həftə ərzində başa çatacaq. Yəni həmyerlilərimiz ən yaxın zamanda dədə-baba torpaqlarına qayıda biləcək. Daha sonra ANAMA əməkdaşları bizə minanın zərərsizləşdirilməsini əyani göstərdi. Detonator quraşdırılmış mina zərərsizləşdiriləndə əvvəlcə partlayış anını görürsən, qısa müddət sonra ərazidəki otların üzərindən səs dalğasının sənə necə yaxınlaşmasının şahidi olursan, vahiməli görüntüdən sonra dəhşətli səsi eşidirsən.
Natiq müəllim həm də ərazidə tapılmış hərbi sursatları da bizə nümayiş etdirdi.
ANAMA əməkdaşları ilə sağollaşandan sonra yolumuzu Cəbrayıl şəhərindən salırıq. Yol boyu yenidənqurma işlərinin şahidi oluruq. Yol çəkən briqadalar fasiləsiz işləyir, yolun böyük hissəsi yenidən qurulub, heç bir əziyyət çəkmədən istənilən əraziyə rahat çatmaq mümkündür. Qeyd edim ki, ötən il 44 günlük Vətən müharibəsindən dərhal sonra bu ərazilərdə olmuşdum. O zaman azad edilmiş ərazilərdəki baxımsızlığı görmüşdüm. Ancaq keçən qısa müddətdə bura çox dəyişib, canlanıb, elə bil ki, buralar yenidən doğulub.
Artıq Cəbrayıl şəhər qəbiristanlığına çatırıq. Bura birinci səfərimdə də ilk olaraq gəldiyim yer Cəbrayıl qəbiristanlığı olmuşdu.
O zaman qəbiristanlığın ərazisinə daxil olmaq təhlükəsizlik baxımından mümkün deyildi. Bu səfərdə isə artıq həmin ərazilər minalardan təmizlənmişdi və biz qəbiristanlıqdakı qəbirləri ziyarət etdik. Dağıdılmış, yerlə-yeksan edilmiş qəbir daşları üzərində yazılmış adları oxumağa çalışdım.
Erməni vandalizminin qurbanı olmuş bu qəbir daşları xarici jurnalistləri də təəccübləndirdi. Onlara ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verildi. Ölənlərin ruhuna yasin oxunandan sonra Cəbrayıl şəhərinə daxil olduq. Erməni quldurlarının burada törətdikləri, şəhəri viran qoyması haqqında məlumatları eşitdikdə də əcnəbi həmkarlarım hisslərini cilovlaya bilmədilər, hamısı bir ağızdan bunların bir insan övladı tərəfindən törədilə bilməyəcəyini dilə gətirdilər. Bəli, insan övladı bu vəhşilikləri törətməz, insan övladı dinc sakinə, qocaya, uşağa, qadına qarşı belə qəddarlıq etməz, qəbiristanlığını yerlə-yeksan etməz, qəbiri qazıb mərhumları təhqir etməz.
Cəbrayıla səfərimizi yekunlaşdırıb üz tuturuq Şuşaya. Zəfər yolu ilə Şuşaya doğru irəliləyirik. Dağların, sıldırım qayaların arasından, Vətən müharibəsində igid oğullarımızın keçdiyi yollardan çəkilib Zəfər yolu. Yeni çəkilmiş asfalt yolla Şuşaya çatırıq. Dağların başında, 30 ilə yaxın bizi gözləyən və qəhrəman oğullarımızın sayəsində azadlığına qovuşan Şuşa... Gec olduğu üçün fotoqrafımız Ramillə qərara gəldik ki, səhər gün çıxmasını Şuşa küçələrindən seyr edək, şəhəri gəzək, həm də Şuşanın fotolarını çəkək.
Səhər 05:30-da hosteli tərk etdik və Şuşanı ekskursiyaya çıxdıq. Deyildiyi kimi varmış. Ömrüm boyu buraları yalnız fotolardan görmüşdüm. Şuşa qalası, Xan qızı Natəvanın evi, Saatlı, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi, Cıdır düzü... Hər biri ayrı-ayrılıqda möhtəşəmdir. Qədim və dağıdılmış yaşayış evləri, restavrasiya olunmuş karvansaray, yenicə açılışı olmuş “Qarabağ” hoteli, çörək sexi və daha nələr-nələr.
Gün artıq gecənin sərinliyini unutdurmağa başlamışdı. Bu vaxt gözümə Şuşa küçələrində oynayan azyaşlılar dəydi. Bu anları Şuşa 30 ilə yaxın gözləmişdi. Həmin uşaqlarla həmsöhbət oldum. Məlum oldu ki, bir müddət əvvəl, valideynlərinin işləri ilə əlaqədar bura köçüblər. Necə də gözəl mənzərədir.
Şuşada həm də çörək sexi də açılıb. Buranın çörəyindən, suyundan dadmaq, məscidində namaz qılmaq şükür ki, bizə də nəsib oldu.
Artıq yola çıxmaq zamanıdır. Qısa müddət olsa belə, bu gözəl, tarixi şəhərdə olmaq, onun havasını udmaq böyük xoşbəxtlik oldu.
Yolumuz Gəncəyədir. Bir neçə saatlıq yoldan sonra Gəncəyə çatdıq. Yorğunluğumdan necə yatdığımı, gecənin necə keçdiyini bilmədim.
Səhər yeməyindən sonra 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri tərəfindən dinc sakinləri hədəfə alan raketin atıldığı əraziyə gəldik. Qeyd edim ki, belə hücumlar nəticəsində Gəncədə 26 dinc sakin həlak olub. Əcnəbi jurnalistlərə bu hadisələrlə bağlı geniş məlumat verildi.
Səfərimiz zamanı sonuncu dayanacağımız Ağdam şəhəri oldu. “Qafqazın Xirosiması” adlandırılan şəhərə daxil oluruq. Bu şəhəri əbəs yerə “ruhlar şəhəri” adlandırmırlar. Şəhərdə Cümə məscidindən başqa bütün tikililər yerlə-yeksan edilib. Bu məsciddən isə mənfur düşmən donuz saxlamaq üçün istifadə edirdilər. Buradakı dağıntılar və aparılan işlərlə bağlı Azərbaycan Prezidentinin Ağdam şəhərindəki xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verdi. Onun sözlərinə görə, Ağdam ölkənin ən qabaqcıl şəhərlərindən birinə çevriləcək. Əhalisinin sayı 100 min nəfər olacaq. Beləliklə, şəhər ölkədə əhalinin sayına görə dördüncü şəhərə çevriləcək.
Bəli, səfərimizi yekunlaşdırıb, Bakıya qayıtmağımızın vaxtı çatdı. Azad edilmiş ərazilərdə görülən işlər göz qabağındadır. Fasiləsiz aparılan işlər onu deməyə əsas verir ki, məcburi köçkünlərimiz tezliklə dədə-baba yurdlarına qayıdacaq və burada məskunlaşacaqlar. Hələlik isə qısa müddət də olsa, səbir etmək və işlərin yekunlaşmasını gözləmək lazımdır.
Bu səfər həyatımda silinməz izlər qoydu. Yol boyu bu üç gün ərzində yaşadıqlarımı bir daha nəzərdən keçirdim, xoşbəxt idim, yuxusuzluq, uzun yollar mənim xoşbəxtliyimə mane ola bilməzdi. Çünki Şuşanı görmək mənə də nəsib oldu. Bu, möhtəşəm hissləri dilə gətirmək üçün söz yetməz.
Sonda isə bu hissləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə təşəkkür edirik, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik.
istinad