Ölkədə sərt karantin rejiminə nəzarəti gücləndirmək üçün polis gücləndirilmiş iş rejiminə keçib.
Bizimaz.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib.
“Cənab nazirin əmri ilə polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimi xidmətinə keçir.
“Sərt karantin rejiminə ciddi şəkildə nəzarət olunuruq. Küçələrdə, yollarda, eləcə də avtobus dayanacaqlarında tibbi maskalardan mütləq istifadə edilməlidir. Açıq havada maskasını çıxaranlar cərimə ediləcək. Bu qadağa siqaret çəkənlərə də aiddir. Yəni siqaret çəkmək üçün maskanı çıxaranlara da cərimə tətbiq ediləcək”, - deyə qurum rəsmisi bildirib.
Ehsan Zahidov xüsusi olaraq onu da bildirib ki, ofislərdə və şəxsi avtomobillərdə də maskadan istifadə etmək mütləqdir.
“Bütün açıq və qapalı yerlərdə, ictimai ərazilərdə tibbi maska taxılmalıdır. Eyni zamanda sürücü şəxsi avtomobilində olarkən də mütləq şəkildə tibbi maska taxmalıdır. Ofislərdə də maska taxmaq mütləqdir”.
Polis polkovniki onu da vurğulayıb ki, vətəndaşlar maskaları düzgün şəkildə taxmalıdırlar:
“Maskanı düzgün taxmayanlar da cərimələnəcək. Yalandan çənə altına, ağıza yox, burun və ağız hissə maska ilə örtülməlidir”.
Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib. Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.
Bu tələblərinin pozulmasına görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.