Ötən ilin sonundan Çinin Uhan əyalətində yayılmağa başlayan koronavirus infeksiyası tez bir zamanda dünyanı cənginə aldı. Martın 11-də isə Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi.

 

Koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən karantin rejimi bütün sahələrə, eləcə də təhsil sahəsinə öz mənfi təsirini göstərdi. Virusun çox yayıldığı ölkələrdə ənənəvi təhsilin yerini onlayn təhsil, teledərslər, virtual məktəb, distant təhsil aldı. Koronavirus, karantin, sərhədlərin bağlı olması problemi xaricdə təhsil alanları da vurdu. Xaricdə təhsil alan tələbələrin öz ölkələrinə qayıtması, təhsilin sonrakı pilləsini necə davam etdirə biləcəyi sualını ortaya qoydu.

Pandemiya dövründə xarici ölkələrdə universitetlərdə əyani təhsil alan tələbələrin sonrakı taleyi necə olacaq?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də təhsil sahəsidir. Buna görə də, bu sahədə fəaliyyəti davam etdirə bilmək üçün bütün infrastrukturu dəyişməlidir.

"Məlum olduğu kimi yay ayları həm də qəbul imtahanları ayıdır. Bu həm ölkə daxilində, həm də ölkədən xaricdə təhsil almağa gedənlər üçün imkanların yarandığı aydır. Amma pandemiya səbəbindən qəbul prosesində ləngimələr var. Bir çox xarici universitetlər bununla bağlı ciddi addımlar atmağa başlayıblar. Əməkdaşlıq etdiyimiz Türkiyənin bir çox universitetləri tələbələrin qəbul sənədlərini və digər hüquqi prosedurları təhsil alan universitetə gəlmədən onlayn qaydada yerinə yetirəcəklər", – deyə o bildirib.

Onun sözlərinə görə, bu ancaq imtahansız qəbul aparılan universitetlər ilə əlaqəlidir. Amma bir sıra universitetlər YÖS, SAT və digər imtahanlar vasitəsi ilə qəbul həyata keçirirlər ki, yenə də bu imtahanları Türkiyədə yox, əməkdaşlıq etdikləri ölkələrdə olan mərkəzlər vasitəsi ilə elə o ölkələrdə keçirməyi nəzərdə tuturlar.

"Türkiyə 2023-cü ildə ölkəyə 350 min xarici tələbə cəlb etməyi planlaşdırdığı üçün bütün üsullardan istifadə edərək xarici ölkələrdən gələcək tələbələrin işini rahatlaşdırmağa çalışır. Artıq Türkiyədə dərslər universitetlərdə nəzərdə tutulduğu vaxtda da başlayacaq. Bu mümkün olmasa belə, yüksək səviyyədə distant formada tədris prosesi təşkil olunacaq.

Digər tərəfdən, Türkiyə tərəfi 1 iyundan etibarən Azərbaycan ilə hava nəqliyyatını açıb və artıq hər gün təyyarə uçuşları var. Digər Avropa və Asiya ölkələri ilə də daha geniş sərhədlər açılacaq", – deyə Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, bu il də azı 4 min azərbaycanlı tələbənin Türkiyədə təhsil almağa getməsi proqnozlaşdırılır. Pandemiya gedişatı gecikirsə də, qarşısını ala bilmədi. Türkiyə tərəfi, oradakı universitetlər bütün imkanları bizim tələbələrimiz üçün yaradırlar.

Təhsil eksperti Məlahət Mürşüdlü isə qeyd edib ki, COVID-19 yeni başlayanda vətənə dönmüş xaricdə təhsil alan tələbələr bu semestri distant olaraq davam etdirib, yəni mühazirələri, imtahanı bu formadan istifadə edərək başa vurublar: "Pandemiya dönəmində elə bizdə də təhsil prosesi dayandı, imtahanlar distant olaraq götürüldü. Bu baxımdan tələbələrin köçürülməsi real görünmür".