00:04
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı uçqun baş verən binaya baxış keçirib.
Bizimaz.az Report-a istinadın xəbər verir ki, qəzalı vəziyyətdə olan binada 26 məcburi köçkün ailəsinin yaşadığı bildirilib.
Qeyd olunub ki, hazırda həmin ailələrdən 5-i köçürüləcək və kirayə mənzillərdə yerləşdiriləcək.
Həmin ailələrin sentyabra qədər Sumqayıtda tikintisi yekunlaşdırılacaq şəhərcikdəki mənzillərə köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, ötən gecə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olub.
Belə ki, binanın girişində pilləkənin uçması nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlı) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.