“Mühacir müxalifətin anti-Azərbaycan fəaliyyətinin tam iflasa uğrayacağına şübhə yoxdur”
“Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir.Ayrı-ayrı ölkələrin siyasi tarixindən göstərilən səbəblərdən müxalifət qüvvələrinin ifrat siyasi radikalizmə yuvarlanmasına, inqilabçı hərəkatlara, radikal dini dəstələrə və hərəkatlara, anarxist, hətta terrorçu təşkilatlara çevrilməsinə dair kifayət qədər misallar gətirmək mümkündür. Bunu ölkədə demokratiyanın azlığı ilə əsaslandırmağa çalışanlar öz iddialarında qətiyyən səmimi deyillər”.
Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov "Mühacir müxalifət - vətənə xidmət yoxsa, xəyanət" adlı məqaləsində bildirib.
Ə.Əhmədov qeyd edib ki, müxalifətin ictimai dəstəyinin azlığının demokratiyanın azlığı kimi cəmiyyətə təqdim edilməsi cəhdləri yeni deyil: “Bu, çoxdandır ki, nəinki vərdiş halına çevrilib, həm də siyasi taktika dərəcəsinə qaldırılıb. Müxalifətin mahiyyətinin və siyasi davranış (yaxud mübarizə) üsullarının radikal şəkildə dəyişməsinin geniş yayılmış formalarından biri mühacir müxalifətçilikdir. Ölkədaxili siyasi proseslərə kənar müdaxilələrin sınaqdan keçmiş vasitəsi rolunda çıxış etməsi onun ən başlıca təhlükəsidir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəçilik xidməti göstərir.XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa ölkələrində Osmanlı imperiyasına qarşı məkrli planların hazırlandığı bir zamanda orada sığınacaq tapan türk müxalifətinin imperiyanın sonrakı acı taleyində günahları az olmamışdır. Mühacir müxalifətin xüsusi xidmət orqanları tərəfindən idarə olunmasına dair ölkələrin tarixindən də artıq təsdiqini tapmış faktlar göstərmək mümkündür və bu faktlar hamıya məlumdur.
Təəssüfləndirici haldır ki, Azərbaycan müxalifətinin müəyyən kəsimini mühacir müxalifət təmsil edir. Onun Azərbaycan əhalisinin maraqlarını ifadə etmək imkanlarının (və istəyinin) olmaması bir yana, asanlıqla, bəlkə də həvəslə xarici dairələrin təsiri altına düşmək təhlükəsi kifayət qədər yüksəkdir. Əvvəla mühacir müxalifətin sığınacaq tapdığı ölkənin xüsusi xidmət orqanlarının təsirindən özünü qorumaq şansı ümumiyyətlə yoxdur və bu səbəbdən sonuncunun nəzarəti altında fəaliyyət göstərməyə məhkumdur. Digər tərəfdən isə o, istənilən maraqlı tərəflər üçün tam açıq, müdafiəsiz hədəfdir, necə deyərlər göydəndüşmə fürsətdir. Bu baxımdan, onun digər ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşmək təhlükəsi də mövcuddur. Habelə, mühacir müxalifətin könüllü olaraq xarici xüsusi xidmət orqanlarının təkliflərindən faydalanmaq istəyi də istisna deyil”.
O vurğulayıb ki, Azərbaycanın mühacir müxalifətinin siyasi ritorikası və fəaliyyət metodları onun maraqlı xarici qüvvələrin təsiri altına düşməsi ehtimalının kifayət qədər yüksək olmasından xəbər verir: “Azərbaycanın mühacir müxalifətinin müxtəlif ölkələrdə bu rolu icra etmiş qrupların klassik sxeminə tam uyğun şəkildə formalaşıb fəaliyyət göstərməsi tarixi paralellərlə isbat olunur. Müxalifətin milli maraqların əleyhinə çıxmağa hazır olan uğursuz nümayəndələrinin siyasi mühacir qismində xarici ölkələrə toplanması və onlardan Azərbaycanın əleyhinə müxtəlif formalarda istifadə edilməsinə dair məlum faktlar deyilənin ən sadə sübutudur. Mühacir müxalifətin əsas təhlükəsi və buradan da irəli gələn arzuolunmazlığı onun hakimiyyətə deyil, dövlətə qarşı alətə çevrilməsindədir. Onun əli ilə aparılan total yalan və böhtan kampaniyasının, ən uğursuz müqayisələrin, ölkə əhalisinin itaətsizliyə, hətta qeyri-qanuni hərəkətlərə səslənməsinin başlıca hədəfi Azərbaycan dövləti, onun sabitliyi və əminamanlığıdır, Azərbaycanın nüfuzu, iqtisadi və geopolitik maraqlarıdır.Onların hərəkətlərinin və fəaliyyətinin kökündə bütövlükdə milli maraqlar, cəmiyyətin hər hansı kəsiminin mənafeyi deyil, mühacir müxalifəti maliyyələşdirən və bu səbəbdən də yönlətmək, istiqamətləndirmək hüququ qazanan xarici dairələrin maraqları dayanır. Nə qədər pərdələməyə, “vətənə xidmət” donu geyindirməyə çalışsalar da, bu cür əməllərə yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, anti-milli fəaliyyətinin insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur”. (Report)