İsrail polşalıları antisemitizmdə ittiham etdiyinə görə üzrxahlıq etməsə, Varşava Qüdsdə Vışeqrad dördlüyünün zirvə toplantısında iştirakdan tamamilə imtina edəcək.
Bizimaz.az :“RİA Novosti”nin məlumatına görə, bunu Polşanın baş naziri Mateuş Moravetski bəyan edib.
Onun sözlərinə görə, israilli nazirin cəzaya layiq olan irqçi ifadələrinə Polşa hökuməti müvafiq reaksiyalar göstərəcək.
“Üzr istənilməsə, siyasətçilərdən heç kim görüşə getməyəcək”, - deyə Moravetski bildirib.
Hökumət başçısı əlavə edib ki, Polşa tarixi həqiqətlər və İkinci Dünya Müharibəsinin ilk günündən bəri nasizmə qarşı savaşmış polşalıların şərəfi uğrunda mübarizəni davam etdirəcək.
Bundan əvvəl İsrailin xarici işlər naziri səlahiyyətlərini icra edən İsrael Kats polşalıların İkinci Dünya Müharibəsi dövründə faşistlərlə əməkdaşlıq etdiyini və heç kimin bu tarixi həqiqətlərin dəyişdirilməsinə yol verməyəcəyini bildirmişdi.
“Keçmiş baş nazir İshak Şamir demişkən, onlara anti-semitizm ana südü ilə keçib. Biz tarixi bəzəyə bilmərik. Biz holokost tarixini qoruyuruq və bundan sonra da qorumağa davam edəcəyik”, - deyə nazir bildirmişdi.
İsrailə ultimatum göndərməzdən əvvəl Moravetski Qüdsə səfərini təxirə salmışdı. Onun əvəzinə sammitdə ölkənin xarici işlər naziri Yatsek Çaputoviçin iştirak edəcəyi bildirilirdi.
Daha əvvəl İsrail hökumətinin başçısı Benyamin Netanyahu da polşalıları İkinci Dünya Müharibəsi dövründə nasistlərlə əlbir olmaqda ittiham etmişdi. İsrail tərəfi isə əmin edir ki, qalmaqala səbəb tərcümədə yol verilən xəta olub. Netanyahu işlətdiyi ifadədə "bir çox polşalılar" dediyini, mətbuatda isə onun sözlərinin "Polşa xalqı" kimi tərcümə olunduğunu bildirir.