Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı Türkiyədə müxalifəti təmsil edən siyasətçilərin vəziyyətlərinin pisləşməsi müzakirə olunub.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Naira Zohrabyan çıxış edib və öz çıxışını “Facebook”da “Qaro Paylandan əllərinizi çəkin” adlı yazı ilə paylaşıb.
“Türkiyədə siyasətçilərə və deputatlara qarşı “cadugər ovu”na başlanılıb. Diyarbəkir prokurorluğu və prezident Erdoğan səkkiz deputatın, o cümlədən, Q.Paylanın “türk millətinin təhqir edilməsi” adlı 301-ci maddə ilə toxunulmazlıqlarının ləğv edilməsi ilə bağlı göstəriş veriblər.
XXI əsrdə - orta əsr adətlərinin yox olduğunu düşündüyümüz bir zamanda Türkiyədə söz və fikir azadlığını boğmağa çalışırlar. Mən AŞPA-dan Türkiyənin siyasətçiləri təqib etməkdən imtina etməsini və biabırçı 301-ci maddədən imtinanı tələb etməsini xahiş edirəm”, - deyə N.Zöhrabyan deyib.
Erməni mətbuatının məlumatına əsasən, N.Zohrabyanın çıxışına türkiyəli nümayəndə Hişyar Özsoy cavab verib.
“N.Zohrabyanın Türkiyədə demokratiya və deputatlara təzyiq barəsindəki çıxışı məni təəccübləndirir. Siz Türkiyədəki demokratiya ilə öz ölkənizdəki demokratiyanı müqayisə edib öz parlamentinizdə bir türk deputatı göstərə bilərsiniz? Ancaq Türkiyə parlamentində üç erməni deputat var”, - deyə H.Özsoy cavab verib.
Həmçinin, azərbaycanlı deputat Səməd Seyidovun N.Zohrabyanın ünvanına “N.Zohrabyan gözəlləşdikcə xasiyyəti də bir o qədər dözülməz olur” atmacasını söyləməsi qeyd olunur.