“BMT-nin Məskunlaşma Proqramı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Şəhərsalma Forumunun oktyabrın 5-də məhz Ağdamda təşkil olunması həm mənəvi, həm də siyasi əhəmiyyət kəsb edən bir hadisədir. “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Forumda 40-dan artıq ölkənin təmsilçilərinin iştirak etməsi bunu deməyə əsas verir ki, bu gün Cənubi Qafqazda və əlbəttə ki, ölkəmizdə gedən proseslər beynəlxalq ictimaiyyət üçün son dərəcə böyük maraq kəsb edir. Azərbaycan bu beynəlxalq tədbirin verdiyi imkanlardan yararlanaraq, erməni faşizminin əsl simasının dünyaya növbəti dəfə nümayiş etdirmək üçün çalışmalıdır. Azərbaycan dağıdılmış əraziləri dost ölkələrlə birlikdə bərpa edəcək. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin Milli Şəhərsalma Forumunun açılış mərasimində etdiyi çıxışında səsləndirdiyi fikirlər müstəsna əhəmiyyət kəsb edir.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bu gün də davam etdiyini vurğulayan deputat bu təhlükəli tendensiyanın arxasında bəzi dünya güclərinin yürütdükləri ikili standartlar siyasətinin durduğunu qeyd edib: “30 ilə yaxın müddət ərzində davam edən işğal dövründə ermənilərin Azərbaycan xalqına qarşı törətmədikləri vəhşiliklər qalmadı. Kütləvi qırğınlar, qətliamlar azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası, tariximizə, mədəniyyətimizə və dinimizə qarşı misli görünməmiş təcavüzkarlıq və dağıdıcılıq əməlləri ilə müşayiət olunurdu. Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması isə hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da şəhər və kəndləri viran qoyulub. Bütün binaların dağıdılmadığı yeganə yerlər isə Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun yeganə səbəbi də odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Böyük təəssüf hissi ilə də olsa etiraf olunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib. 30 il ərzində ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Bu isə öz növbəsində erməniləri daha da azğınlaşdırıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Posrmüharibə dövründə təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Başqa sözlə desək, Azərbaycana və azərbaycanlılara qarşı erməni terroru bu gün də davam edir.”
K.Qafarov bildirib ki, bu gün artıq heç bir vasitəçiyə ehtiyacı olmayan Azərbaycan yenə də regional maraqları üstün tutaraq sülh çağırışları ilə çıxış edir: “Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın erməni işğalı üzündən yaşadığı bütün faciələrə baxmayaraq, yenə də sülh axtarışında olduğunu xüsusi vurğuladı. Həqiqətən də 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi məşəqqətlərə baxmayaraq, Azərbaycanın yenə də Ermənistana sülh təklif etməsi ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsasında, ilk növbədə, humanizm prinsiplərinin durduğunu bir daha təsdiqləyir. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə isə, dövlətimizn başçısı bu məsələ ilə bağlı qəti və birmənalı mövqeyini bir daha ifadə etdi:” Həmin insanlar ölkəmizin vətəndaşlarıdır və Azərbaycan özünün daxili işləri ilə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etməyəcək”. İstənilən müdaxilə cəhdinin qarşısını almaq üçün isə, ölkəmizin yetərincə həm siyasi nüfuzu, həm də hərbi gücü vardır”.