Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və tərəf müqabilləri onun siyasətini birmənalı olaraq qəbul edirdilər. Qərbə inteqrasiya yolunu tutan Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 19 il ərzində Ulu Öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu.
Faiq Zərbəliyev, Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru aia.az