Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri gözlənilir.
Bizimaz.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, qardaş ölkə lideri Azərbaycan Prezidenti ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.
Türkiyə Prezidentini səfərdə geniştərkibli nümayəndə heyətinin müşayiət edəcəyi bildirilir.
Qeyd edək ki, Ərdoğan budan öncə mətbuata açıqlamalarında Zəngilan hava limanının açılışında iştirak edəcəyini bildirmişdi.
Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi artıq yekunlaşmaq üzrədir. Yeni aeroportun yaxın günlərdə təhvil verilməsi planlaşdırılır.
Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə 2021-ci ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.