Bu günlərdə Xankəndidə minlərlə sakin küçələrə çıxıb və 100 metrlik Rusiya bayrağı ilə yürüş keçirib.
Aksiya şəhər sakinləri tərəfindən təşkil olunub və Xankəndidə ən böyük rusiyameyilli mitinq olub.
Qeyd edək ki, Rusiya bayrağı ilə aksiya Ermənistanda rusiyalı sülhməramlılarına qarşı artan etirazların fonunda keçirilib. Etirazlar Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra genişlənib.
Həmin vaxt Xankəndidə anti-Rusiya mitinqləri keçirilmiş, iştirakçılar Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirməməkdə ittiham etmişdilər. Analoji mitinqlər İrəvanda da Qarabağda fransalı sülhməramlıların yerləşdirilməsi tələbi ilə keçirilmişdi.
Avqustun 21-i Xankəndidə daha bir aksiya keçirilmiş, rusiyalı sülhməramlılar tənqid olunmuşdu. Onun təşkilatçısı qismində yerli partiyaların birinin lideri Artur Osipyan çıxış etmişdi. Yüzlərlə tərəfdarı qarşısında çıxış edən Osipyan bəyan etmişdi ki, sülhməramlıların hərəkətləri Rusiyanın maraqlarına ziddir.
Ötən gün “parlament”in fraksiya liderləri Xankəndidə Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovla görüşüb. Görüş zamanı Volkov iştirakçıları inandırıb ki, gələcəkdə 5 kilometrlik təhlükəsizlik zonası ilə əhatə olunacaq yeni yol Laçın dəhlizi ilə eyni statusa malik olacaq.
Bütün bunları nəzərə alaraq, Rusiya bayrağı ilə keçirilən aksiyanın arxasında adi sakinlərin durduğu son dərəcə inandırıcı görünmür.
Haqqin.az