Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verdiyini açıqladı. Bunu Qərb-Rusiya qarşıdurmasının Ukrayna torpaqlarındakı təzahürü fonunda izah etmək yanlış olardı.
Çünki Britaniyada daxili siyasi təlatümlər tez-tez baş verir və bu, Londonun strateji müdafiə reflekslərinə zərbə endirmək potensialına malik deyil.
Britaniyada kimin baş nazir postunda əyləşməsindən asılı olmayaraq, o, qlobal siyasətini dərin strateji zəka ilə müəyyənləşdirir və bu proses davam edəcək.
Bununla belə, Britaniyada hökumətə sədrlik etmək uğrunda bir yarışa start verilir və bu sahədə bəzi prosedur qaydalar mövcuddur.
Birləşmiş Krallıqda baş nazir istefa verdikdə, bir qayda olaraq, seçki keçirilmir. Boris Conson istefa versə də, onun payıza qədər vəzifəsinin başında qalacağı gözlənilir.
Əgər Conson payıza qədər baş nazir postunda qalsa, bu, o deməkdir ki, mühafizəkarlar yeni lider seçənə qədər öz vəzifəsini davam etdirəcək. Qanuna görə, bu müddət ərzində Conson Nazirlər Kabinetinə yeni üzvlər təyin edə bilər.
Bir az da aydın olsun deyə qeyd edək ki, Boris Conson Mühafizəkar partiyasının liderliyindən istefa verdikdən və yeni lider tapıldıqdan sonra baş nazirlik postu ilə vidalaşacaq.
Bəs mühafizəkarlar öz liderlərini necə seçirlər?
Mühafizəkarlar partiyasının lideri istefa verdikdən sonra yeni lider seçimi üçün seçki başlayır. Qaydalara əsasən, liderliyə namizədlərin namizədliyini irəli sürmək üçün mühafizkarlardan səkkiz deputatın dəstəyi lazımdır.
Əgər seçim zamanı ikidən çox namizəd qalarsa, bu zaman yalnız iki nəfər qalana qədər bir sıra səsvermə keçirilir.
Yəni:
- Birinci turda namizədlər seçkilərdə qalmaq üçün ən azı 5 faiz səs toplamalıdırlar,
- İkinci turda onlar 10 faiz səs qazanmalıdırlar,
- Növbəti turlarda ən az səs toplamış namizədlər mübarizədən kənarlaşdırılırlar,
- Sonda qalib iki nəfər arasından seçilir.
Britaniya mətbuatında Boris Consondan sonra kimin baş nazir olacağı da müzakirə edilir.
Həmin şəxslərin bəziləri bizə tanışdır. Məsələn, Böyük Britaniyanın yeni istefa vermiş səhiyyə naziri Sacid Cavidin, indiki xarici işlər naziri Liz Trassın və müdafiə naziri Ben Uollesin də adları namizədlər sırasında çəkilir.
Britaniya özünün qlobal siyasət konsepsiyasını “Qlobal Britaniya” strategiyası ilə təzələyib və buna uyğun davranmaqda davam edəcək.
Yəni daxili-siyasi təlatümlər Britaniyanın xarici siyasət kursuna təsir göstərməyəcək.
Aqşin Kərimov