Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən gün Abşeron rayonunun Xırdalan şəhərində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Bizimaz.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, yanvarın 25-də saat 18:40-da Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllədə partlayışın baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Məlumat əsasında Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi (FHN) və daxili işlər orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. İlkin olaraq müəyyən edilib ki, 1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən ikimərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyidi FHN-in xilasediciləri tərəfindən aşkarlanıb. Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir.
Eyni zamanda, həmin evdə yaşayan Aytən Musayevanın əri 1983-cü il təvəllüdlü Vüsal Musayev və sonuncunun oğlu - 2009-cu il təvəllüdlü Firudin Musayev, həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Partlayışın təsirindən, həmçinin yaxınlıqda yerləşən digər binanın dörd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, orada yerləşən mənzillərə və dörd avtomobilə ziyan dəyib.
Həmin ünvanda yerləşən ikimərtəbəli fərdi evdə ağır nəticələrə səbəb olan partlayış hadisəsinin baş verməsi faktına görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi yanvarın 26-da həmin Məcəllənin 225.3-cü və 308.2-ci maddələrinə tövsif edilib. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və hadisə nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
İş üzrə təqsiri olan şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları təmin ediləcək.